Kino sahəsində yeni elektron xidmət istifadəyə verildi - Foto
Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetinizdə əlçatandır.
Liderxeber.az xəbər verir ki, “Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır.
Bu xüsusda, Azərbaycan Mədəniyyət Nazirliyi “e-Culture” Strategiyasına uyğun olaraq, kino klasterinin rəqəmsal transformasiyası çərçivəsində “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti istifadəyə verib.
Qeyd olunan elektron xidmət, mədəniyyət sahəsində bir pəncərə prinsipi əsasında xidmətləri vahid platformada cəmləyən “MyCulture” vahid şəxsi kabineti (https://my.culture.az), həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet informasiya ehtiyatı (https://culture.gov.az) vasitəsilə əlçatandır.
Yenidən formalaşdırılmış “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti sənəd dövriyyəsini sadələşdirir, müraciətlərin təqdim edilməsini sürətləndirir və prosesi tam avtomatlaşdırır. Bu, qeyd olunan xidmətin əsas istifadəçiləri olan film istehsalçıları, film nümayişçiləri, film yayımçıları və kinoteatr şəbəkələri üçün məkan və zamandan asılı olmayaraq müvafiq yayım vəsiqəsinin əldə olunmasını daha rahat və əlçatan edir.
Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Hazırda Filmlərin Dövlət Reyestrində 11 000-dən çox ekran əsəri və yayım vəsiqəsi mövcuddur ki, bu da prosesin rəqəmsallaşdırılmasını xüsusi əhəmiyyətli edir.
“Kinematoqrafiya haqqında” Qanuna əsasən Azərbaycan ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər Filmlərin Dövlət Reyestrinə daxil edilməli və “Filmlərin yayımı və nümayişi Qaydaları”na müvafiq yayım vəsiqəsi əldə etməlidir. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsi üzrə inzibati məsuliyyət yaradır.
Yeni elektron xidmət sayəsində xarici kino şirkətlərinin də Azərbaycan kino sənayesinə daxil olması daha asan və operativ olacaq. Bu, beynəlxalq kino dövriyyəsinin genişlənməsinə və yeni əməkdaşlıqların yaranmasına şərait yaradacaq.

Oxşar Xəbərlər:
