Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru, son illərdə ölkənin iqtisadi diversifikasiya strategiyasının mərkəzində dayanaraq, qeyri-neft sektorunun əsas drayverlərindən biri olub.
2024-cü il bu sahədə inkişafın yeni mərhələsinin əsasını qoyub, xüsusilə də rəqəmsal transformasiya, startap ekosisteminin genişləndirilməsi və texnologiya parklarının fəaliyyətində əldə edilən irəliləyişlər ilə.
Məlumdur ki, dayanıqlı iqtisadi modelin formalaşdırılması qeyri-neft sektorunun inkişafını zəruri edir. Bu kontekstdə əsasən informasiya və kommunikasiya texnologiyaları sektoru mühüm rol oynayır. Müasir dünyada iqtisadi keçidin effektiv və sürətli həyata keçirilməsi rəqəmsallaşmanın və innovativ texnoloji həllərin tətbiqini tələb edir. Son illərdə Azərbaycanda bu istiqamətdə nəzərəçarpan tərəqqi əldə olunub və ötən il bu sahədə xüsusilə əlamətdar olub.
Rəqəmsal hökümətə keçiddə tarixi nəticə
Ötən il Azərbaycanda rəqəmsal transformasiya və e-idarəetmə sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində təqdim olunan yeni xidmətlər vətəndaşlar üçün daha əlçatan olub, “ASAN xidmət” və “e-Gov” platformaları üzərindən həyata keçirilən əməliyyatların sayı rekord səviyyəyə çatıb. Bununla yanaşı, rəqəmsal valyuta və blokçeyn texnologiyalarının dövlət və özəl sektorda tətbiqi genişlənərək maliyyə əməliyyatlarının şəffaflığını və təhlükəsizliyini artırıb.
Bu sahədə ən diqqətçəkən addımlardan biri şəxsiyyət vəsiqəsinin fiziki təqdim edilməsinə olan tələbin aradan qaldırılmasıdır. Belə ki, artıq şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilə bilər. Vətəndaşlar “myGov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət məlumatlarını müxtəlif üsullarla paylaşa bilirlər.
Rəqəmsal hökumət sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinə səbəb olub. İlk dəfə olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumətin İnkişaf İndeksində (EGDI) ən yüksək kateqoriya olan “Very High EGDI” ölkələr sırasına daxil edilib.
Ölkənin onlayn dövlət xidmətləri və telekommunikasiya infrastrukturu göstəricilərində 21 %-lik artım qeydə alınıb. Bundan əlavə, Elektron İştirakçılıq İndeksində (EPI) 28 % irəliləyişlə Azərbaycan 98-ci yerdən 88-ci yerə yüksəlib. Bu nailiyyətlər Azərbaycanın rəqəmsal transformasiya sahəsində ciddi irəliləyiş əldə etdiyini təsdiqləyir.
Startap və innovasiya ekosisteminin inkişafında da əhəmiyyətli irəliləyişlər qeydə alınıb. 2024-cü ildə ölkədə startapların sayı artıb, xüsusilə "aqrotech", "healthtech" və "fintech" sahələrində yeni layihələr beynəlxalq bazarlara çıxış əldə edib. İnnovasiya Agentliyi tərəfindən təqdim olunan qrantlar və texnologiya parklarının subsidiyaları startaplara maliyyə dəstəyi baxımından mühüm rol oynayıb.
Texnoloji infrastrukturun təkmilləşdirilməsi istiqamətində də ciddi addımlar atılıb. Azərbaycanda ötən il rəqəmsal infrastrukturun formalaşdırılması çərçivəsində genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilib, 5G texnologiyasının pilot layihələri uğurla tamamlanıb və 2025-ci ildə genişmiqyaslı tətbiqi planlaşdırılır. Beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycanın rəqəmsal tərəfdaşlıq proqramları çərçivəsində beynəlxalq texnologiya təşkilatları ilə əlaqələri güclənib. Xüsusilə, Avropa İttifaqı və Asiya regionu ilə həyata keçirilən layihələr nəticəsində sektora yeni investisiyalar cəlb olunub.
Bu uğurlar ölkədə İKT sektorunun inkişafına və qeyri-neft iqtisadiyyatının gücləndirilməsinə töhfə verən mühüm addımların bir hissəsidir. Rəqəmsallaşma istiqamətində görülən işlər Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını artırmaqla yanaşı, xidmət keyfiyyətini də yüksəldir.
Rəqəmsallaşmanın sürətlə dərinləşməsi kibertəhlükəsizlik sahəsində daha təkmil sistemlərin formalaşdırılmasını zəruri edir. Bu sahədə mühüm addımlar atan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının rəqəmsal məkanda təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli fəaliyyətlər həyata keçirib.
Xidmət tərəfindən daha funksional və təhlükəsiz yeni elektron poçt sistemi dövlət qurumlarının istifadəsinə verilib. Bundan əlavə, təhlükəsizlik tədbirlərini gücləndirmək üçün qurumlara mühafizə sistemi kimi tanınan XDR (Extended Detection and Response) təqdim edilib. Xidmətin son kiberinsident araşdırmaları dövlət qurumlarında mərkəzləşdirilmiş antivirus sisteminin vacibliyini bir daha önə çıxarıb.
Araşdırma zamanı 135 ölkədə fəaliyyət göstərən və 270 741 kompüteri yoluxduran genişmiqyaslı kiberhücum qruplaşması aşkar edilib. Bu hücumların 7 790-ı Azərbaycana məxsus kompüterlərə yönəlib, onların 35-i isə dövlət qurumlarına aid olub və mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış vəziyyətdə idi.
Dövlət qurumlarında kibertəhlükəsizliyin effektivliyini artırmaq məqsədilə Xidmət bu sahədə tapşırıqların bir mərkəzdən koordinasiya olunmasını təmin edən platforma istifadəyə verib. Bu platforma vasitəsilə dövlət qurumları tapşırıqların icrası ilə bağlı müzakirələr aparır və görülən işlər barədə məlumatları sistemə daxil edir. Bu yanaşma həm proseslərin şəffaflığını, həm də tapşırıqların icrasının sürətini artırır.
Kibertəhlükəsizlik sahəsində görülən işlər Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə səbəb olub. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal Kibertəhlükəsizlik İndeksi 2024” (Global Cybersecurity Index) reytinqində yeni metodologiyaya əsasən 100 mümkün xaldan 93,76 xal toplayaraq “təkmil səviyyə”yə nail olub.Bu nəticə Azərbaycanın kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi strateji tədbirlərin effektivliyini və rəqəmsal təhlükəsizliyinin güclənməsini təsdiqləyir. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlar ölkənin rəqəmsal transformasiya prosesinin daha dayanıqlı və təhlükəsiz şəkildə davam etdirilməsinə şərait yaradır.
Rəqəmsal iqtisadiyyatın inkişafı müasir texnologiyaların tətbiqini, bu isə texnoloji icmaların formalaşmasını tələb edir. Azərbaycanda startap ekosisteminin inkişafı isə mələk və vençur mədəniyyətinin təşəkkül tapması ilə sıx bağlıdır. Startaplar və innovativ layihələr üçün maliyyə əlçatanlığının təmin edilməsi bu sahənin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə atılan önəmli addımlardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə sayca üçüncü mələk investor klubu “DIVIDA”nın yaradılmasıdır. Klubun əsas missiyası Azərbaycanda mələk investorlara dəstək göstərərək yerli ekosistemin inkişafını təşviq etmək, eləcə də Mərkəzi Asiya, Gürcüstan və Türkiyə ekosistemlərində fəaliyyət göstərən startap və biznesləri mələk investorlarla bir araya gətirərək regional şəbəkələşməyə təkan verməkdir.
Bundan başqa, ənənəvi “InMerge Innovation Summit” çərçivəsində İRİA bir neçə tərəfdaşla birgə 4 milyon ABŞ dolları kapitala sahib olan, ölkədə ikinci vençur fondu “InMerge Ventures”ı təsis edib. Bu fond startaplara daha geniş miqyasda maliyyə dəstəyi göstərməyi hədəfləyir və gələcəkdə əlavə fondların yaradılması da nəzərdə tutulur.
Texnologiya icmalarının fəaliyyətini mərkəzləşdirmək istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri Bakı və Sumqayıtda ilk Azərbaycan İnnovasiya Mərkəzlərinin (AİM) istifadəyə verilməsi oldu. Bu mərkəzlər texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün təcrübə, fikir və bilik mübadiləsi üçün vahid platforma rolunu oynayacaq. AİM həmçinin texnologiya icmalarının daha səmərəli fəaliyyət göstərməsi və sürətli inkişafı üçün zəruri infrastruktur təqdim edir.
Gələcək planlara əsasən, Bakıda ikinci, daha böyük İnnovasiya Mərkəzinin, eləcə də ölkənin müxtəlif bölgələrində AİM-lərin yaradılması nəzərdə tutulur. Bu addım həm yerli, həm də regional səviyyədə innovativ mühitin genişlənməsinə xidmət edəcək.
Beləliklə, Azərbaycanda texnoloji ekosistemin inkişafı üçün həm maliyyə resurslarının əlçatanlığı artırılır, həm də bu sahədə şəbəkələşmə və təcrübə mübadiləsi imkanları genişləndirilir.
Son statistik məlumatlar Azərbaycanın informasiya və rabitə sektorunda davamlı inkişafı göstərir. Ötən ilin 11 ayında sektor üzrə gəlirlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 % artaraq 3,2 milyard manata çatıb. İKT sektorunun ümumi daxili məhsuldakı payı isə 1,8 %-ə yüksəlib (bir il əvvəl bu rəqəm 1,7 % idi).
Yüksəksürətli və sabit genişzolaqlı internetlə ölkə ərazisinin 100 % təmin olunmasını nəzərdə tutan “Onlayn Azərbaycan” layihəsi çərçivəsində son bir ildə 1 milyon 445,9 min ev, mənzil və biznes subyektinin internetə çıxışı təmin edilib. Bununla da ümumi belə subyektlərin sayı 2 milyon 965,3 minə çatıb.
“Digital Bridge” milli məlumat mübadilə sistemi də mühüm tərəqqiyə nail olub. Ötən il ərzində sistemdə 1 milyarddan çox tranzaksiya həyata keçirilib. Sistemdə inteqrasiya olunan informasiya sistemlərinin sayı 150-ni keçib və gündəlik tranzaksiyaların həcmi 1,5 milyona çatıb.
İKT sektorunda əlavə dəyər yaratmaq, infrastrukturun inkişafını sürətləndirmək, texnoloji sahibkarlar və startaplar üçün əlverişli mühit təmin etmək, maliyyə resurslarına əlçatanlığı artırmaq və kibertəhdidlərə dayanıqlılığı gücləndirmək əsas prioritetlərdir. Bu strateji addımların 2025-ci ildə də sektorda əhəmiyyətli irəliləyişlərə səbəb olacağı gözlənilir.
Statistik məlumatlara əsasən, 2025-ci il üçün rəqəmsal iqtisadiyyatın genişlənməsi ilə bağlı mühüm gözləntilər mövcuddur. E-ticarət və rəqəmsal ödəniş sistemlərinin daha da inkişafı bu sahədə əsas prioritetlərdən biri olacaq. Bununla bağlı hüquqi tənzimləmələrin gücləndirilməsi planlaşdırılır ki, bu da investorlar üçün daha cəlbedici mühitin yaradılmasına xidmət edəcək.
Gələn il 5G şəbəkəsinin genişləndirilməsi ilə rəqəmsal xidmətlərin keyfiyyətində yeni bir mərhələnin başlanması gözlənilir. Bu, Əşyaların İnterneti (IoT) texnologiyalarının kənd təsərrüfatı, şəhər idarəçiliyi və enerji sektorunda daha geniş tətbiqini təşviq edəcək. Artan rəqəmsal fəaliyyətlərin fonunda kibertəhlükəsizlik sahəsinə investisiyaların artırılması və yerli mütəxəssislərin yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edəcək.
Beləliklə demək olar ki, Azərbaycanın İKT sektoru 2024-cü ildə rəqəmsallaşma və innovasiya baxımından əhəmiyyətli nailiyyətlər əldə edib. 2025-ci ildə isə bu prosesin davam etdirilməsi və rəqəmsal iqtisadiyyatın qeyri-neft sektoru daxilində əsas rol oynaması gözlənilir. Ölkənin mövqeyi gücləndikcə, həm regional, həm də qlobal bazarlarda rəqabət qabiliyyəti artacaq.