Azərbaycanda yeni onlayn media platforması fəaliyyətə başladı: Caspianinfo.az
Azərbaycanın media mühitində yeni onlayn informasiya platforması fəaliyyətə başlayıb. 6 aprel 2026-cı il tarixindən etibarən Caspianinfo.az saytı rəsmi olaraq oxucuların istifadəsinə verilib.
Liderxeber.az xəbər verir ki, Caspianinfo.az ölkədə və dünyada baş verən əsas hadisələri operativ şəkildə çatdıran, eyni zamanda siyasi, iqtisadi, sosial sferalarda və mədəniyyət sahəsindəki prosesləri geniş şəkildə işıqlandıran müasir xəbər portalıdır. Saytın əsas məqsədi oxuculara dolğun, dəqiq və sistemli informasiya təqdim etməkdir.
Ölkənin media məkanına yeni daxil oan bu portal etibarlılığı prioritet istiqamət kimi müəyyənləşdirərək Azərbaycanın və dünyanın nüfuzlu beynəlxalq informasiya agentliklərinin məlumatlarına istinad edir. Bu yanaşma xəbərlərin dəqiqliyinin və aktuallığının təmin olunmasına xidmət edir.
Caspianinfo.az-ın informasiya siyasətində ölkənin strateji əhəmiyyətli sahələri xüsusi diqqət mərkəzində saxlanılır. Neft-qaz sənayesi, yaşıl enerji layihələri, turizm, aqrar sektor və iqtisadiyyatın digər istiqamətləri üzrə mütəmadi olaraq informasiyalar təqdim olunur.
Caspianinfo.az-ın dinamik fəaliyyət prinsipinə əsaslanan yaradıcı komandası müasir media tələblərini nəzərə alaraq oxucular üçün maraqlı və aktual mövzular seçir. Portalda xəbərlərlə yanaşı, analitik yazılar, müsahibələr və videomateriallar da hazırlanaraq yayımlanır. Təqdimat zamanı sadə və anlaşılan dilə üstünlük verilməsi geniş oxucu auditoriyasına rahat çıxışı təmin edir.
Bununla yanaşı, Caspianinfo.az oxucu yönümlü platforma kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Sayt istifadəçilərin rəy və təkliflərinə açıqdır və interaktiv media mühitinin formalaşdırılmasına xüsusi önəm verir.
Yeni fəaliyyətə başlayan Caspianinfo.az-ın əsas missiyası operativ, etibarlı və keyfiyyətli informasiyanı oxuculara çatdıraraq qısa müddətdə ölkənin aparıcı onlayn media resurslarından birinə çevrilməkdir. Bu yolda portalın yaradıcı kollektivinə uğurlar arzulayırıq.
