Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
Qədim tarixə malik, Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şəki orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir şəhərdir. Şəhərin nadir tarixi memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir.
Gözəl təbii landşaft Şəki şəhərinə xüsusi memarlıq görünüşü vermək üçün geniş imkanlara malikdir, elə bu da şəhəri təkrarolunmaz memarlıq quruluşu ilə fərqləndirir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu ilə əhatə olunan Şəkinin qədim hissəsində yerləşən küçələrin və tikililərin bir çoxu tarixi, bədii-memarlıq cəhətdən böyük əhəmiyyət kəsb edir və maraq doğurur.
Şəkinin Azərbaycanın qədim mərkəzlərindən biri kimi şöhrət qazanmasına səbəb, həm də bu şəhərdə tarixi-mədəniyyət abidələrinin mövcud olmasıdır. Şəki şəhəri və rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 132 arxeoloji və memarlıq abidəsi var.
Liderxeber.az xəbər verir kli, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Şəki şəhərinin tarixi simasını qoruyub saxlamaq üçün ciddi addımlar atılıb.
Ölkə başçısı tərəfindən bu məqsədlə bir sıra sərəncamlar imzalanıb.
Son illərdə Şəkidə genişmiqyaslı tikinti, abadlıq, yenidənqurma və bərpa işləri aparılıb, şəhərin tarixi-memarlıq mühitinin qorunması, qədim küçələrin, yaşayış binalarının və abidələrin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Şəhərin mədəni irsinin qorunması və təbliği sahəsində ən mühüm nailiyyətlərdən biri 2019-cu ildə Bakı şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrs Siyahısına daxil edilməsi olub. Bu qərar Şəkinin özünəməxsus memarlıq irsinin, tarixi yaşayış məhəllələrinin və ənənəvi şəhərsalma xüsusiyyətlərinin qorunmasına beynəlxalq səviyyədə xüsusi əhəmiyyət qazandırıb.
Şəkidə həyata keçirilən yaşıllaşdırma layihələri, enerjiyə qənaət üzrə maarifləndirmə günlərinin təşkili, su sərfiyyatını azaltmaq məqsədini daşıyan təşəbbüslər şəhərin iqlim dəyişmələrinə uyğunlaşmasına öz töhfəsini verir.
Qeyd edək ki, Şəki bələdiyyəsi 2020-ci ildə Merlər Razılaşmasına qoşulub, 2024-cü ildə isə şəhərin 2030-cu ilədək Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (SECAP) təsdiqlənib. Bu plan enerji səmərəliliyinin artırılması, istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, eləcə də təbii resurslardan səmərəli istifadə istiqamətində tədbirləri əhatə edir.
Şəkinin inkişafında sosial infrastrukturun gücləndirilməsi, uşaqların təhsil və yaradıcılıq imkanlarının artırılması da mühüm yer tutur. Heydər Əliyev Fondunun dəstəyi ilə 2018-ci ildə 80 yerlik müasir uşaq evinin, 2026-cı ildə isə 430 yerlik Şəki Şəhər İncəsənət Məktəbinin yeni binasının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən əhəmiyyətli layihələrdəndir. Eyni zamanda, 2023-cü ildə ADA Universiteti və Milan Politexnik Universitetinin əməkdaşlığı çərçivəsində Şəkidə Dizayn və Memarlıq fakültəsinin açılışının keçirilməsi şəhərin beynəlxalq təhsil və akademik əlaqələrinin inkişafına töhfə verib.
Son illər ərzində Şəki rayonu ərazisində yol infrastrukturunun yenilənməsi də diqqət mərkəzində olub. Prezident İlham Əliyev tərəfindən Şəki şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi tamamlanmış 5 prospekt və 10 küçəsində asfalt örtüyünün əsaslı təmir edilməsi, küçə boyu piyadalar üçün səkilərin yenilənməsi və suötürücü kanalların tikintisinin aparılması ilə bağlı müvafiq Sərəncam imzalanıb, dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə ümumi uzunluğu 36.1 km olan küçə və prospektlərdə əsaslı təmir işləri aparılıb. Həmçinin, son 5 ildə yerli büdcədə yolların əsaslı təmiri işləri üçün ayrılmış vəsait hesabına şəhərin küçələrində 21.9 km uzunluğunda asfalt-beton örtük salınıb.
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq ötən müddət ərzində Şəki şəhərində digər qurumlarla birgə konfranslar, dəyirmi masalar təşkil olunub, müxtəlif layihələr həyata keçirilib.
Tədbirlər Planının “qardaşlaşmış şəhərlər” formatında layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq bəndinə uyğun olaraq “Qardaşlaşmış Şəki və Jmerinka şəhərlərinin tarixi-memarlıq irsinin öyrənilməsi” mövzusunda videokonfrans formatında görüş təşkil edilib. Qeyd edək ki, Şəki dünyanın bir sıra ölkələrinin şəhərləri, o cümlədən Türkiyənin Giresun, Lapseki, Berqama şəhərləri, Konya şəhərinin Məram bələdiyyəsi, Bolu şəhərinin Göynük bələdiyyəsi, Ukraynanın Jmerinka, Gürcüstanın Telavi, Belarusun Slutsk, Bolqarıstanın Qobrovo, Fransanın Kolmar, Xorvatiyanın Varajdin, Rusiya Federasiyasının Novqorod, Özbəkistanın Kokand şəhəri, Çinin Lianşan vilayəti və Janciajiye şəhərləri ilə qardaşlaşıb.
“Şəhərsalma və Memarlıq İli”ndə iyul ayında keçirilən “Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə” adlı tədbiri və tədbir çərçivəsində “UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri” mövzusunda təşkil olunan panel iclası xüsusi vurğulamaq lazımdır. Bu mötəbər tədbir milli şəhərsalma irsimizin təbliğinə, tarixi şəhərlərimizin qorunması və gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.
Prezident cənab İlham Əliyevin tapşırığı əsasında 2026-cı ilin əvvəlindən Şəki Şəhər İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC-nin birgə fəaliyyəti əsasında şəhərin 10-a yaxın prospekt və küçəsində, həmçinin üç böyük parkında genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə və Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parklarında mövcud yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin salınması, uşaqlar, gənclər və yaşlı sakinlər üçün istirahət, oyun və sosial fəaliyyət məkanlarının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, yaşayış evlərinin dam örtüklərinin yenilənməsi, fasadların və tarixi memarlıq elementlərinin bərpası, küçə və yolların, piyada səkilərinin və məhəllədaxili infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər aparılır.
Memarı İnarə xanım Əzimzadə olan bu layihələr arasında Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkının yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva 2026-cı il iyunun 30-da Şəkiyə səfəri zamanı parkda nəzərdə tutulan bərpa və yenidənqurma işləri ilə tanış olub. Parkın bərpası üçün hazırlanan konsepsiya ilə bağlı Leyla xanım Əliyeva öz tövsiyələrini verib.
1951-ci ildə salınmış parkda freskaların, yerli heykəltaraşların əsərlərinin, eyni zamanda 1800 yerlik “Yay Teatrı”nın bərpası, yaşıllıqların yenilənməsi, parkın ailəvi istirahət məkanına çevrilməsi planlaşdırılır. Vaxtilə Şəkinin mühüm mədəniyyət ocaqlarından biri olmuş “Yay Teatrı”nın fəaliyyətinin bərpası şəhərin tarixi-mədəni həyatının canlandırılması baxımından əhəmiyyətli addım olacaq.
Bütün bunlar Şəkinin mədəni irsinin qorunmasına və iqlim təşəbbüslərinə dövlət dəstəyinin göstəricisidir.
17-22 may 2026-cı il tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) Şəki Şəhər İcra Hakimiyyəti və Şəki bələdiyyəsi təmsil olunaraq, rəhbər şəxsləri müxtəlif forum və panel iclaslarda iştirak etmişlər.
Forum çərçivəsində dayanıqlı şəhər inkişafı, iqlimə davamlılıq və yerli özünüidarəetmə mövzularında müxtəlif sessiya və panel müzakirələrində spiker kimi çıxış edən Şəki bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva, həmçinin, "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən tədbirlərdə şəhərimizi təmsil edərək Şəkinin yaşıl inkişaf və enerji səmərəliliyi istiqamətində planlarını diqqətə çatdırıb.
Şəki şəhəri Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində dünyanın 69 şəhərinin iştirak etdiyi qlobal iqlim təşəbbüsündə yer alıb.
Bələ ki, COP31 çərçivəsində “C40 Cities” və İqlim və Enerji üzrə Qlobal Merlər Razılaşmasının (GCoM) birgə həyata keçirdiyi “İllik Fəaliyyət Təklifi” (Yearly Offer of Action) adlı iqlim təşəbbüsünün həmsədri olan London şəhərinin meri eyni adlı panel iclasda dünyanın müxtəlif ölkələrindən 69 șəhərin 2027-ci il üçün nəzərdə tutduğu iqlim fəaliyyətləri haqqında məlumat verib. Beynəlxalq təqdimatda Şəki şəhəri “Sheki is expanding climate-resilient green spaces” -“Şəki iqlim dəyişmələrinə davamlı yaşıllıq sahələrini genişləndirir” şüarı ilə təmsil olunub. Bu təşəbbüs şəhərlərin iqlim dəyişmələrinə qarşı həyata keçirdikləri konkret tədbirlərin və iqlim öhdəliklərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir.
İştirakçı şəhərlər növbəti 12 ay ərzində həyata keçirməyi planlaşdırdıqları tədbirləri açıqlayır və əvvəlki fəaliyyətlər üzrə irəliləyişlərini bölüşürlər.
Təşəbbüs çərçivəsində digər seçilmiş şəhərlərlə yanaşı, Şəki şəhərinin iqlim fəaliyyətləri COP31-in iki həftəsi boyunca rəqəmsal ekranda nümayiş etdirilib. Şəkinin nümunəvi fəaliyyətini əks etdirən fiziki təqdimat kartı da konfrans nümayəndələrinə paylanılıb.
Qeyd edək ki, Şəkinin qlobal təşəbbüsdə təqdim etdiyi fəaliyyətin mərkəzində duran layihələrdən biri Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında aparılan bərpa və yenidənqurma işləridir. Bununla yanaşı, Şəki şəhərində yaşayış evlərinin, küçələrin abadlaşdırılması, şəhərin yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilir. Bu məqsədlə quraqlığa davamlı bitkilərin əkilməsi, enerjiyə qənaət edən işıqlandırma və damcı suvarma sistemlərinin tətbiqi nəzərdə tutulur. Bu tədbirlər su ehtiyatlarından daha səmərəli istifadəyə, enerji istehlakının azaldılmasına və yaşıllıq sahələrinin ekoloji dayanıqlılığının gücləndirilməsinə xidmət edəcək. Fəaliyyət çərçivəsində Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında yerləşən tarixi “Yay Teatrı”nın da bərpası nəzərdə tutulur. Beləliklə, yaşıllıq sahələrinin inkişafı ilə yanaşı, Şəkinin mədəni irsinin qorunmasına da töhfə veriləcək.
Şəkinin dayanıqlı inkişaf istiqamətində gördüyü işlər çay məcralarının möhkəmləndirilməsini də əhatə edir. Dəyirmanarxı çayının 650 metrlik, Qurcana çayının isə 730 metrlik hissəsində aparılan işlər sel və daşqın risklərinin azaldılmasına, ətraf ərazilərin qorunmasına yönəlib.
Həmçinin Dəyirmanarxı çayı hövzəsində XIX əsrə aid iki su dəyirmanı bərpa olunub. Tamamilə dağ suyunun gücü ilə işləyən bu ekoloji təmiz dəyirmanlar sadəcə tarixi abidə deyil - onlardan bu gün də ənənəvi Şəki halvasının hazırlanmasında istifadə olunur. Bu, ənənəvi infrastrukturun müasir dayanıqlılıq məqsədlərinə necə xidmət edə biləcəyini göstərir.
Müxtəlif dövrlərdə şəhərin ayrı-ayrı ərazilərində və çaylar boyunca 12 000-dən çox ağac əkilib. Bu yaşıllıqlar kölgə yaratmaqla buxarlanmanın azalmasına və daha əlverişli mikroiqlimin formalaşmasına kömək edir. Ağacəkmə təşəbbüslərindən biri də şəhidlərin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar Bağı” layihəsidir. Layihə çərçivəsində Şəkidə 353 Eldar şamı əkilib.
Çayların və ətraf yaşıllıqların qorunması daha əlverişli mikroiqlimin formalaşmasına töhfə verməklə yanaşı, çaykənarı ərazilərin sakinlər üçün istirahət və rekreasiya məkanları kimi inkişaf etdirilməsinə də imkan yaradır.
Bu gün Azərbaycana gələn turistlərin böyük maraq göstərdiyi şəhərlərdən biri olan Şəki öz qədim tarixi, zəngin mədəni irsi, özünəməxsus memarlıq siması və füsunkar təbiəti ilə diqqəti cəlb edir. Şəhərin tarixi-mədəni dəyərlərinin qorunması ilə yanaşı, təbii mühitinin və yaşıllıq sahələrinin inkişaf etdirilməsi onun turizm cəlbediciliyinin daha da artmasına xidmət edir.
Şəkinin beynəlxalq platformada təmsil olunması şəhərdə uzun illər ərzində tarixi-mədəni irsin qorunması, yaşıllaşdırma, abadlıq və sosial infrastrukturun inkişafı və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərin və bu fəaliyyətin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının, beynəlxalq səviyyədə ictimaiyyətə çatdırılmasının nəticəsidir.
Eyni zamanda, bu nailiyyət Azərbaycanın son illərdə qlobal iqlim və dayanıqlı şəhərsalma gündəliyində fəal iştirakının davamı kimi də qiymətləndirilə bilər.
Bütün bu layihələrin əsas məqsədi yalnız şəhərin memarlıq və estetik görünüşünün yenilənməsi deyil, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi, təhlükəsiz və sağlam məskunlaşma mühitinin yaradılması, yaşıllıqlara və ictimai məkanlara əlçatanlığın artırılmasıdır. Şəkinin tarixi irsinin qorunması ilə müasir sosial və ekoloji infrastrukturun inkişafının uzlaşdırılması şəhərin həm sakinləri, həm də gələcək nəsillər üçün daha əlverişli yaşayış məkanına çevrilməsinə xidmət edir.
Şəki şəhərində həyata keçirilən bu çoxşaxəli fəaliyyətlər BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) insan mərkəzli, inklüziv və dayanıqlı şəhər inkişafı prinsipləri, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi - “Dayanıqlı şəhərlər və icmalar” ilə uzlaşır. Tarixi-mədəni irsin qorunması, sosial bərabərliyin təşviqi, uşaqların gələcəyinə sərmayə qoyulması, yaşıl ictimai məkanların genişləndirilməsi və yaşayış mühitinin yaxşılaşdırılması Şəkinin dayanıqlı şəhər inkişafı istiqamətində əsas prioritetlərini təşkil edir.





