Pressa.az » Media » Jurnalist Ədil Arifoğlu öldü.

Jurnalist Ədil Arifoğlu öldü.

29 iyul 2024, Bazar ertəsi, 12:16
Jurnalist Ədil Arifoğlu öldü.

Səssiz-səmirsiz öldü. Hamımız beləcə öləcəyik - səssiz-səmirsiz. Bizdən qalan isə problemlər, qayğılar, yas xərcləri, başdaşı borcları olacaq.

Beş-altı dost-tanış kəfənləyib doğmalarımıza təhvil verib, siqaret çəkib dağılışacaq. Uzağı sosial şəbəkədə ağrılı bir status yazacaqlar. Sonra da illərlə üzünü görmədiyimiz qohumlar, uşaqlıq dostları kənd qəbristanlığında dəfn edəcək. İllərini "media kapitanları"nın alverlərinə qurban vermiş nə qədər media adamı "yadımızdan çıxıb"? Məmməd Nazimoğlu, Samir Əsgərxanov, Elmira Əmrahqızı, Ağalar Mirzə, Adil Qaçayoğlu, Elçin Səlcuq, Ceyhun Nağı, Zöhrab Əmirxanlı, Natiq Qədimov. Daha kimləri yazmadım siz deyin.

Ədil birinci Qarabağ müharibəsinin canlı tarixi idi. Tək Ədilmi? Uzun illərdir çəkdiyi müharibə kadrlarını dövlət siyasətindən tutmuş hər günümüzdə istifadə etdiyimiz müharibə görüntülərini çəkənlərdən kimləri tanıyırsınız?

Fikrət Qafarovu tanıyan varmı? Elə Ədilin yaralanma kadrlarını da o çəkmişdi. Birinci müharibənin yüzlərlə çəkilişin müəllifi idi Fikrət. Hətta kontuziya da almışdı. Ailəsini yerləşdirə bilmədiyinə görə atasından qalma 2 otaqlı evini xəstə halı ilə bir az uzağa 9-cu mərtəbəyə dəyişdi. Bir dəfə dedi hər əlimi liftin düyməsinə basanda fikirləşirəm ki, işləməsə bu halımla 9-cu mərtəbəyə necə çıxacam?

Bəs Seyidağa Mövsümlü? Bilirsinizmi o kübar şəxsiyyət Abşeron bağlarının birində tək-tənha (doğmaları baxımında demirəm) səssiz-səmirisiz dünyadan köçdü.

Uzun əziyyətdən sonra Ədil də uzaq Hövsan qəsəbəsində bir balaca yuva qurdu. İki qızı hələ məktəbi bitirməmiş yığışıb getdi. İllərlə ölümlə üz-üzə işləmiş, müharibədə yaralanmış, tarixi çəkmiş bir adamın layiq olduğu bu idimi?