Ağstafada Qarayazı qoruğundakı yanğın söndürülüb - YENİLƏNİB

Qarayazı Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb.
Liderxeber.az-ın məlumatına görə, 10 hektara yaxın meşə ərazisi yanıb.
Meşənin yaxınlığında baş verən yanğının tədricən meşə ərazisinə keçdiyi bildirilir.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən baş vermiş yanğın söndürülüb. Meşənin qalan hissəsi yanğından mühafizə edilib.
Fuad Nazimoğlu
***
15:58
Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Liderxeber.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.