Qalib ölkənin vətəndaşı kimi bu bayramı qeyd etmək tam başqa hissdir

Mehribançılığın, təmizlik, sağlamlıq və firavanlığın, mərhəmətin, birlik və bərabərliyin əbədi rəmzi – Novruz!
Yeni ümidlər, təzə arzularımızın müjdəçisi, bolluq, bərəkət, toy-büsat soraqlı, çal-çağırlı Novruz bayramında yurdumuz bayram əhvalı ilə canlanır. Baharın gəlişini, təbiətin oyanışını xəbər verən bu bayram, ən qədim dövrlərdən bu günümüzə qədər gəlib çatmış xalqımızın sevinc, şadlıq, birliyimizin, diriliyimizin rəmzinə çevrilmişdir. Tarix boyu, müxtəlif dövrlərdə təziqlərə məruz qalmasına baxmayaraq, bu el bayramı min illərin sınağından üzüağ çıxaraq xalqımız tərəfindən qorunub saxlanılmışdır.
Novruz gecə il gündüzün bərabərliyi, şaxtalı-qarlı qışın öz yerini məhsuldar yaz fəslinə verdiyi dövrün başlanğıcıdır. Ən qədim adət-ənənə, inanclarımız və zəngin folklor nümunələrimizi, keçmişimizin çalarlarını özündə əks etdirən Novruz milii simvollarımızdan birinə çevrilmişdir.
Əsrlərin sınağından çıxmış ən qiymətli mənəvi dəyərlərimizi, adətlərimizi nəsildən-nəsilə ötürən xalqımız, bu bayramı yaşatmaqla, həm də əməyin, zəhmətin, torpağa sevginin, insanlığa və təbiətə məhəbbətin təcəssümünü bəşəriyyətə təlqin etmiş olur. Mehribançılığın, təmizlik, sağlamlıq və firavanlığın, mərhəmətin, birlik və bərabərliyin əbədi rəmzi, yeni ilin doğuşu olaraq səciyyələndirilən Novruz, həm də qəlblərə təravət, ətrafa gözəlliklər bəxş edən, hər birində özünəməxsus inancları, xalqın sınamalarını qoruyub saxlayan dörd çərşənbəsi ilə insanlığa humanist dolu hisləri, duyğuları bəxş edir.
Ümummilli lider Heydər Əliyev Novruzun bütün türkdilli xalqların bayramı olduğunu vurğulayaraq demişdir: “Bu milli bayramın indi belə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. Təsadüfi deyildir ki, ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruz YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilmişdir. Xeyirxahlıq, dostluq, birlik, qəhrəmanlıq rəmzi, min illik yaddaşımızdan süzülüb gələn el bayramıdır Novruz.
Təmizlik, xeyirxahlıq, dostluq, birlik, qəhrəmanlıq rəmzi, min illik yaddaşımızdan süzülüb gələn el Novruz, həm də sülh rəmzidir. Bu bayramda küsülülər barışar, kiçiklər bpyüklərdən hallalıq alar. Bəli artıq beşinci ildir ki, xalqımız əziz bayramı tam başqa ab-havada qeyd edir. Qalib ölkənin vətəndaşı kimi bu bayramı qeyd etmək tam başqa hissdir.
Nəcibə Abdullayeva;
Neftçala rayonu, həkim