Pressa.az » Ölkə » Xanlar Vəliyev: Prezidentin rəhbərliyi ilə son 20 ildə ölkəmiz daha da qüdrətlənib

Xanlar Vəliyev: Prezidentin rəhbərliyi ilə son 20 ildə ölkəmiz daha da qüdrətlənib

03 may 2023, Çərşənbə, 19:43
Xanlar Vəliyev: Prezidentin rəhbərliyi ilə son 20 ildə ölkəmiz daha da qüdrətlənib

Mayın 3-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən LiderXəbər-ə verilən məlumata görə, əvvəlcə qurumun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən əvvəl mərasim iştirakçıları dünya şöhrətli siyasətçinin və şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən geniş bəhs etməklə çıxışını davam etdirən Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Ölkəmizin çox çətin bir durumunda yalnız dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən böyük qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində görülmüş müstəsna əhəmiyyətli işlərdən, düşmən tapdağında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilməsindən, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazmaqlarından, eləcə də ölkəmizdə həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, iqtisadiyyatımızın güclənməsindən bəhs edən Hərbi prokuror Xanlar Vəliyev, bütün bunların Azərbaycan Prezidentinin dərin zəkası, yüksək erudisiyası, mükəmməl rəhbərliyi, qətiyyəti, yorulmaz fəaliyyəti, xalqın müdrikliyi və əzmkarlığı sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində mümkün olduğunu vurğulayaraq, dövlətimizin daha da qüdrətlənməsindən, beynəlxalq nüfuzunun hərtərəfli artaraq mövqeyinin dünya ölkələri sırasında möhkəmlənməsindən danışıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi və səmimiliyi ilə seçilən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də mühüm əhəmiyyət kəsb etməkdədir.

Daha sonra Milli Məclisin deputatları Rauf Əliyev, İlham Məmmədov, Elman Nəsirov, general Yücel Karauz, xalq şairi Vahid Əziz və digər şəxslər də dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxışlar ediblər.

Sonda Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında müstəsna xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.