Pressa.az » Ölkə » Evi kiçik olanlara fərqli təzminat verilə bilər?

Evi kiçik olanlara fərqli təzminat verilə bilər?

15 aprel 2025, Çərşənbə axşamı, 10:32
Evi kiçik olanlara fərqli təzminat verilə bilər?

“Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış  obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edəcəyi gözlənilir”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib. 

Deputat qeyd edib ki, söküntü zamanı kompensasiyaların evlərin sahələri üzrə necə təsnifləşdirilməsi vətəndaşları ən çox maraqlandıran məqamlardandır: “Bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və  həmin mənzillərə kompensasiyanın kvadratmetrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacibdir. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadratmetrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur”.

V.Bayramov əlavə edib ki, bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman az sahəli evlərə görə konkret məbləğdə kompensasiya və ya yeni mənzil təklif edilir: “O baxımdan, daha məqsədəuyğun olar ki, söküntülər zamanı Bakıda da differensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadratmetrə görə deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı”.