Azərbaycan və Gürcüstan bir-birlərinin mövcud imkanlarından maksimum yararlanırlar

Möhkəm iqtisadi bağlarla bir-birinə bağlı olan, nəhəng, transmilli layihələrin icraçıları olan Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hər ötən gün daha da möhkəmlənir.
Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan və Gürcüstan xalqları hər zaman mehriban qonşuluq şəraitində yaşamış, ortaq tarixin və mədəni dəyərlərin formalaşdırılmasında iştirak etmişlər. Bu iki ölkənin yeni inkişaf dövrləri isə şübhəsiz ötən əsrin 90-cı illərinə təsadüf edir. Belə ki, Sovet imperiyasının dağılmasından sonra təkrar müstəqillik yoluna qədəm qoyan bu iki qonşu dövlət Ümummilli lider Heydər Əliyev və Gürcüstan prezidenti Eduard Şvarnadzenin ortaq iradəsi ilə tarixi əlaqələri daha da gücləndirmiş, zamanla bu əlaqələr iqtisadi partnyorluğa və strateji tərəfdaşlığa çevrilmişdir. Hazırda Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması üçün Gürcüstan əsas tranzit rolu oynayır. Bu ölkə, həm də Şərq-Qərb nəqliyyat dəhlizinin vacib hissəsini təşkil etməkdədir.
Ümummilli Lider Heydər Əliyev və Müzəffər Prezidentimiz cənab İlham Əliyevin uğurlu xarici siyasətləri nəticəsində qonşu və tərəfdaş olan Gürcüstan Respublikası ilə onun ərazisindən keçməklə Bakı–Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars,Bakı-Tbilisi-Ərzurum,Cənub Qaz Dəhlizi kimi strateji əhəmiyyətli layihələr birlikdə icra olunmuşdur.
Bu günlərdə Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi ölkələrimiz arasında olan münasibətlərin səviyyəsini nümayiş etdirir.
Hər iki ölkə prezidentinin mətbuata verdikləri bəyanatda əsas məsələlərdən biri strateji tərəfdaşlığa olan sadiqliyin bir daha bəyan edilməsi idi. Hazırda Azərbaycanın Gürcüstanla olan münasibətlərinin səviyyəsi deməyə əsas verir ki, ölkəmizin xarici siyasətinin əsas prespektivləri qarşılıqlı əməkdaşlıq, normal qonşuluq, mədəni, iqtisadi inteqrasiyadır.
Bu gün görünən odur ki, həm Azərbaycan, həm də Gürcüstan bir-birlərinin mövcud imkanlarından maksimum yararlanırlar. Möhkəm iqtisadi bağlarla bir-birinə bağlı olan, nəhəng, transmilli layihələrin icraçıları olan ölkələrimiz arasındakı münasibətlər hər ötən gün daha da möhkəmlənir. Hər iki ölkə rəhbərlərinin, hökumət başçılarının mütəmadi səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə keçirdikləri görüşlər ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə xidmət edir. Əminliklə deyə bilərik ki, iki ölkə arasındakı dostluq və strateji əməkdaşlıq bir çox ölkələrə nümunə olacaq səviyyədədir.
Şəkəralı İsmayılov;
Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı
Oxşar Xəbərlər:

