Qüdrət Nuriyev: Müasir müstəqil Azərbaycan Ulu Öndərin qurub yaratdığı dövlətdir
Vətənimiz qarşısında misilsiz xidmətlər göstərən, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini xalqımız coşqu və böyük təntənə ilə qeyd edir.
Ölkəmizin hazırkı dövrdə dayanıqlı inkişafının və hərtərəfli tərəqqisinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyularaq gələcək tərəqqi üçün əsaslı zəmin yaradılıb. Dahi şəxsiyyətin vaxtilə uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın getdikcə qloballaşan dünyada hazırkı inkişafını yalnız xəyal edə bilərdik. Bu gün ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatının bütün sahələrində qürur doğuran inkişafdan danışarkən xalqımızın böyük oğlu Heydər Əliyevi minnətdarlıq hissi ilə yad edirik.
Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev deyib.
Ümummilli Liderin ölkəmizə hələ birinci rəhbərliyi dövründə dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan qətiyyətli addımların nailiyyətlərə səbəb olduğunu deyən federasiya prezidenti həmin dövrdə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılaraq perspektivlərin xüsusilə nəzərə alındığını qeyd edib. Bildirib ki, bədən tərbiyəsinin, idmanın inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü kimi qiymətləndirən Ümummilli Lider idmanın dövlətlərin dünyada tanınmasında, imicinin möhkəmlənməsində, siyasi çəkisinin artmasında müstəsna rolunu xüsusi vurğulayıb. Ümummilli Lider deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan Himni səslənir, Dövlət bayrağı qaldırılır".
Ulu Öndər Heydər Əliyevin idman və bədən tərbiyəsini hər bir inkişaf etmiş xalqın, vətəndaşların həyat tərzinin mühüm hissəsi olduğunu hesab etdiyini bildirən Q.Nuriyev vurğulayıb ki, Ümummilli Lider gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə xüsusi önəm verib, ölkəmizin xoşbəxt gələcəyini məhz bunda görürdü. Onun arzularından biri də xalqımızın - həm fiziki, həm də mənəvi sağlamlığını təmin etmək idi.
Qüdrət Nuriyev qeyd edib ki, doğma vətəninin tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan Ümummilli Lider bu xüsusiyyətlər arasında idmana meyilliliyi yüksək qiymətləndirirdi. Xalqımızın genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olduğunu qeyd edən Ümummilli Lider fiziki gücün mənəvi sağlamlıqla yanaşı millətimizə xas xüsusiyyət olduğunu qətiyyətlə vurğulayırdı. Amma bu xüsusiyyətlərin həmişə bizim daxilimizdə qaldığını, məlum səbəblərə görə bunların yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmadığını bildirirdi.
“İndi isə xalqımızın, millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək fürsəti qazanmışıq. Bu, böyük hadisə, böyük nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var", – deyən müdrik rəhbər müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox əhəmiyyətli rol oynadığını böyük qürur hissi ilə bəyan edirdi.
“Bu gün Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilib. Ulu Öndərin ölkəmizdə idman siyasətinin həyata keçirilməsi sahəsində göstərdiyi əvəzsiz xidmətlər bu gün bu sahədə qazanılan möhtəşəm uğurların əsasını təşkil edir. Bu nailiyyətlərin həm də dövlətimizin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb etməsi onun əhəmiyyətini daha da artırır. Atletlərimizin qazandıqları böyük uğurlar dünya arenalarında təqdir edilir, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirir. Bütün dövrlərdə Ulu Öndər Heydər Əliyevin məhz idmançılarımızdan gözlədiyi bu böyük qalibiyyətlər idi”, - deyə federasiya rəsmisi əlavə edib.
Qüdrət Nuriyev bildirib ki, bu gün müasir Azərbaycan Heydər Əliyevin arzuladığı, qürur duyduğumuz doğma Vətəndir! Ulu Öndər Heydər Əliyevin ideyaları hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir, Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".