Pressa.az » Ölkə » Azərbaycanın məşhur marketlər şəbəkəsi bağlanır?

Azərbaycanın məşhur marketlər şəbəkəsi bağlanır?

07 may 2025, Çərşənbə, 10:41
Azərbaycanın məşhur marketlər şəbəkəsi bağlanır?

Ölkə ərazisində yüzlərlə filialı olan "AL Market" mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir.

Məsələ ilə bağl açıqlamasında şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib.

O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir:

"Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan "AL Market", xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir", - deyə M.Əsədova bildirib.

Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.

"Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub", - deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, ilin əvvəlində də "AL Market" mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandırdıracağı ilə bağlı məlumat yayılmışdı.