Pressa.az » Ölkə » Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini aşkar edəcək

Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini aşkar edəcək

12 iyun 2023, Bazar ertəsi, 15:25
Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini aşkar edəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergidən yayınma cinayətlərini törədən vergi ödəyicilərinin faktiki rəhbərlərinin (benefisiarların) aşkarlanmasını həyata keçirəcək.

Bu barədə LiderXəbər quruma istinadən xəbər verir.

Məlumata görə, vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması və vergi cinayətlərinin qarşısının alınması dünya ölkələrinin vergi xidmətlərinin əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə tədbirlərin səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) da diqqət mərkəzindədir. Artıq OECD "Vergi cinayətləri ilə mübarizə - 10 asas beynəlxalq prinsip" adlı metodologiya xarakterli sənəd qəbul edib. Sənǝd qeyd olunan prinsiplərin vergi cinayətləri ilə mübarizə sisteminin təkmilləşdirilməsi üçün hüquqi çərçivədə uğurlu təcrübələrin müəyyənləşdirilməsini, müvafiq sahədə proseslərin izlənilməsini, dəstək mexanizmləri üçün təlim və ya treninq ehtiyaclarının ödənilməsini nəzərdə tutur.

Vergi Xidməti həmin prinsiplərin milli təcrübədə tətbiqi imkanlarını araşdırır, həmçinin ölkəmizdə vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması, vergi hüquqpozmalarının yaranma səbəblərinin aradan qaldırılması yolunda yeni innovativ tədbirlərin həyata keçirilməsini planlaşdırır. Belə ki, vergi cinayətləri ilə mübarizə sahəsində "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqi, "Shell" şirkətlərin yaranması ilə bağlı səbəblərin təhlil olunaraq risklərin müəyyən edilməsi, bununla bağlı hüquqi şəxslərin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, vergi cinayətləri ilə mübarizə sahəsində risk və təhdidlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidməti bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmlərinin təmin edilməsi və beynəlxalq təcrübə üzrə məlumat mübadiləsinin aparılmasını da həyata keçirəcək.

Qeyd edək ki, Dövlət Vergi Xidməti yaxın müddətdə "çəkindirmə" prosesi çərçivəsində bir sıra vergi cinayətləri üzrə əldə edilmiş nəticələri, bu sahədə aparılan cinayət işlərinin istintaqı barədə məlumatları ictimaiyyətin nəzərinə çatdıracaq.