Pressa.az » Ölkə » Prezident ATƏT sədrini qəbul etdi - Fotolar - Yenilənib

Prezident ATƏT sədrini qəbul etdi - Fotolar - Yenilənib

15 oktyabr 2025, Çərşənbə, 15:00
Prezident ATƏT sədrini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, ilk növbədə, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Stubba çatdırmağı xahiş edib.

Söhbət zamanı dövlət başçısı ilə Finlandiya Prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlanıb.

Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd edib.

Qonaq Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini bildirib.

Dövlət başçısı vurğulayıb ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaradıb.

Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRİPP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxunub, onun bütün bölgə üçün faydalı olacağını deyib.

Söhbət zamanı ölkəmizlə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycan-Finlandiya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.