Pressa.az » Ölkə » Heyvan bazarlarında bu tələblərə əməl olunmalıdır

Heyvan bazarlarında bu tələblərə əməl olunmalıdır

17 oktyabr 2025, Cümə, 16:33
Heyvan bazarlarında bu tələblərə əməl olunmalıdır

Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. 

Bu barədə Liderxeber.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Bildirilib ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma proseslərində tələblərə riayət olunmaması infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

Ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında bir sıra tələblərə ciddi şəkildə əməl olunmalıdır:

- bazarların ərazisi hasarla sərhədlənməli;

- giriş və çıxışda dezobaryerlər olmalı;

- mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işləri aparılmalı;

- bazara daxil olan heyvanlar müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməli;

- heyvanlar müvafiq təlimatlara uyğun identikləşdirilərək satışa çıxarılmalı;

- ixtisaslı mütəxəssis tərəfindən nəzarət təmin olunmalı;

- heyvanların daşınması müvafiq təlimatlara uyğun yerinə yetirilməli;

- satış üçün bazarlarda uyğun şərait yaradılmalı;

- baytar həkimin nəzarəti təmin edilməlidir.

Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb edir. Buna görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi, müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Bazar rəhbərləri onlara təqdim olunan müvafiq təlimatlara əməl etməlidir.

Qeyd edək ki, dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyədə xəstə heyvanların virusunun sürətlə yayılması səbəbilə heyvan bazarlarını bağlamaq qərarı verilib.

Agentlik tərəfindən davam etdirilən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.