Təhsilə çıxış və sosial bərabərlik - Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyəti
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başlamasından 4 il ötür.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Fondun fəaliyyətinin əsas məqsədi aztəminatlı ailələrdən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, gənclərimizin ali, orta ixtisas və peşə təhsilinə çıxışını asanlaşdırmaq, təhsil haqqını ödəmək üçün maliyyə imkanları məhdud olan ailələrə - tələbələrə dövlət tərəfindən sosial dəstəyi təmin edərək hər kəsə təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Ötən dörd il ərzində Fond təhsilin maliyyələşməsində yeni yanaşmanın formalaşmasına təkan verib.
4 ildə 70 mindən çox təhsil tələbə krediti rəsmiləşdirilib
Fondun müraciət və rəsmiləşmə göstəricilərinin təhlili göstərir ki, həm müraciət edənlərin sayı, həm də rəsmiləşdirilən təhsil tələbə krediti müqavilələrinin həcmi hər il müsbət dinamika ilə artıb. Bu, təhsil tələbə kreditinə olan maraq və ictimai inamın artmasının göstəricisidir. Bu artım həm Fondun təqdim etdiyi kredit mexanizminə olan etimadın möhkəmləndiyini, həm də təhsil tələbə kreditinin alternativ maliyyələşmə alətinə çevrildiyini sübut edir.
.png)
Sosial istiqamət üzrə nəticələr
Fondun fəaliyyəti dövründə rəsmiləşdirilmiş təhsil tələbə kreditlərinin struktur təhlili kredit mexanizminin həm sosial yönümlülüyünü, həm də kütləvi əhatəliliyini göstərir. Ümumi 70 mindən çox rəsmiləşdirilmiş təhsil tələbə krediti müqaviləsinin təxminən 46 mini (65%) standart, 24 mini isə (35%) sosial kreditdir. Bu bölgü bir tərəfdən sosial həssas qrupların ali, orta ixtisas və peşə təhsilinə çıxışının təmin edildiyini, digər tərəfdən isə mexanizmin geniş tələbə kütləsi üçün əlçatan maliyyə alətinə çevrildiyini nümayiş etdirir.
Qızların təhsilə cəlbində Fondun rolu
Bağlanmış müqavilələrin 63%-i qadın tələbələrin payına düşür. Bu statistika təkcə gender bölgüsü deyil, eyni zamanda təhsil tələbə kreditinin qadınların iqtisadi və sosial həyatda aktivləşməsində oynadığı əhəmiyyətli rolu vurğulayır. Qadınların ümumi rəqəmlərdə yüksək paya malik olması təhsil tələbə kreditinin gender mövzusunun təşviqi baxımından mühüm sosial alətə çevrildiyini və xüsusilə qadınların təhsilə çıxışının maliyyə baxımından dəstəkləndiyini göstərir.
.png)
Təhsil tələbə kreditindən yararlanan eyni ailənin üzvləri
1 711 ailənin eyni anda bir neçə övladı təhsil kreditindən yararlanıb. Bu ailələrdə ümumilikdə 3 469 tələbə təhsil alır və bu göstərir ki, təhsil tələbə krediti ailələrin təhsil xərci yükünün azaldılmasında, xüsusilə eyni ailədən olan bir neçə tələbənin təhsil almasının iqtisadi baxımdan təmin edilməsində mühüm rol oynayıb.
.png)
Regional əhatəlilik və təhsilə bərabər çıxış
Fond fəaliyyət göstərdiyi dövr ərzində yalnız iri şəhərləri deyil, respublikanın bütün iqtisadi rayonlarını əhatə edən inklüziv maliyyə mexanizminə çevrilib.
.png)
Təhsil tələbə kreditləri vasitəsilə ən ucqar kənd və qəsəbələrimizdə yaşayan gənclərimiz də ali, orta ixtisas və peşə təhsili almaq imkanı əldə edib, ailələrinin maliyyə imkanlarından asılı olmayaraq onların təhsilə çıxışı təmin olunub. Bu mexanizm xüsusilə regionlarda yaşayan və təhsil haqqı səbəbindən ali məktəblərə qəbul olduqdan sonra təhsilini davam etdirməkdə çətinlik çəkən tələbələr üçün real dəstək alətinə çevrilib.
Rəqəmsal əlçatanlıq və idarəetmədə səmərəlilik
TTKF-nin bütün müraciət və idarəetmə prosesi tam elektronlaşdırılıb. Bu, bir tərəfdən şəffaflığı artırıb, digər tərəfdən isə müraciət prosesini ölkənin ən ucqar kəndində yaşayan tələbə üçün belə əlçatan edib. Elektron platformada hər bir tələbənin şəxsi kabineti, müraciət statusları və ödəniş cədvəlləri aydın şəkildə əks olunur.
Akademik uğura tətbiq edilən güzəştlər
Fond tərəfindən məzun olmuş tələbələr üçün geri ödəniş mərhələsində müvafiq tələblərə uyğun olaraq sosialyönümlü güzəşt mexanizmləri tətbiq edilib. Tələbələrin akademik göstəriciləri nəzərə alınmaqla kreditlərin bir hissəsi faizdən azad edilib, eyni zamanda əlaçı tələbələrin isə aldığı vəsaitin bir hissəsi bağışlanıb. İndiyədək TTK almış məzunların təxmini 761 min manata yaxın vəsaiti akademik uğurlarına görə bağışlanılıb.
Faizsiz mexanizm çərçivəsində 12 mindən çox kredit müqaviləsi üzrə ümumilikdə 12 milyon manatdan artıq vəsait faiz tətbiq edilmədən hesablanıb. Bu kreditlərin 64 %-i sosial, 36 %-i isə standart kreditlərdən ibarət olub ki, bu da sosial kreditlərin məzun mərhələsində daha geniş güzəşt imkanlarına malik olduğunu göstərir.
.png)
Bununla yanaşı, məzunlara borcun qismən bağışlanması mexanizmi də tətbiq edilib. Standart TTK üzrə 1 700-ə yaxın müqaviləyə 25 % güzəşt tətbiq olunaraq 383 min manatdan çox, Sosial TTK üzrə isə 680-dən çox müqaviləyə 50 % güzəşt tətbiq edilərək təxminən 377 min manatdan artıq vəsait bağışlanılıb. Ümumilikdə güzəşt mexanizmləri hesabına təxminən 761 min manata yaxın məbləğdə maliyyə yükü tələbələrin üzərindən götürülüb.
Geri ödənişlər
Təhsil Tələbə Krediti Fondu üzrə geri ödəniş mexanizmi mərhələli şəkildə həyata keçirilir və bu mexanizm hər tədris ilinin sonunda məzun olan tələbələrin sayı ilə birbaşa əlaqəlidir. Bu günədək 7 mindən çox tələbənin geri ödəniş dövrü başlanıb ki, bu da Fondun fəaliyyətə başladığı dövrdən etibarən formalaşan məzun axınının nəticəsidir.
Hər yeni tədris ilinin sonunda məzun olan tələbələrin arasında geri ödəniş mərhələsinə keçən tələbələr olur ki, bu da geri yığımların həcminin ilbəil artmasına səbəb olub.
.png)
İllər üzrə geri ödənilmiş məbləğlərin dinamikası bu artımı aydın şəkildə əks etdirir. Məzunların əmək bazarına inteqrasiyası və geri ödənişə cəlb olunması genişləndikcə yığımların həcmi əhəmiyyətli dərəcədə yüksəlib. Ümumilikdə, geri ödənişlər üzrə müşahidə olunan müsbət dinamika kredit mexanizminin dayanıqlı qurulduğunu, məzunların böyük hissəsinin əmək bazarına daxil olaraq öhdəliklərini yerinə yetirdiyini və təhsil tələbə kreditlərinin uzunmüddətli maliyyə dövriyyəsi yaradan effektiv alətə çevrildiyini göstərir.
Təhsilə çıxışı təmin edən strateji vasitə
Fondun təcrübəsi göstərdi ki, sosial və iqtisadi alətlərin vəhdəti ilə təhsilin maliyyələşdirilməsində yeni bir model formalaşdırmaq mümkündür. Əmək bazarının tələblərinə uyğun sahələr üzrə xüsusi güzəştli kredit paketlərinin tətbiqi, tələbələrin məşğulluğuna dəstək mexanizmlərinin inteqrasiyası da gələcək prioritetlər sırasındadır.
Təhsil Tələbə Krediti Fondu yalnız maliyyə dəstəyi institutu deyil, minlərlə gəncin və ailələrin, gələcək nəsillərin təhsilə çıxışını təmin edən, sosial rifaha və bərabərliyə aparan strateji bir vasitədir.
Bu nəticələr göstərir ki, dövlətimizin təhsil sahəsindəki sosial yönümlü, təhsildə əhatəliliyin artırılması siyasəti öz bəhrəsini verir və Fond təhsil siyasətinin həyata keçirilməsində uğurlu alətlərdən birinə çevrilib.
Tələbə Krediti Fondunun rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edir, uğurları münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar, davamlı inkişaf və nailiyyətlər arzulayıram.
Kənan Kərimzadə
Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurasının sədri, elm və təhsil nazirinin müavini
