17 gündə 3846 məhkum amnistiyaya düşüb
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarı 22 dekabr 2025-ci ildən 7 yanvar 2026-cı ilədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3.846 məhkum barəsində tətbiq olunub.
Liderxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 1 799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1 764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad olunub:
“250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.
Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir. Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir”.
Məlumatda qeyd olunub ki, amnistiya aktının icrası davam etdirilir.
