Pressa.az » Ölkə » Ölkəmiz yaşıl enerji sahəsində böyük ambisiyalarla çıxış edir və real nəticələr əldə edir

Ölkəmiz yaşıl enerji sahəsində böyük ambisiyalarla çıxış edir və real nəticələr əldə edir

12 yanvar 2026, Bazar ertəsi, 11:59
Ölkəmiz yaşıl enerji sahəsində böyük ambisiyalarla çıxış edir və real nəticələr əldə edir

Energetika bu gün sadəcə bir iqtisadi sahə deyil – bu, hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Müasir dünyada enerji resurslarına və onların daşınmasına nəzarət strateji güc amilinə çevrilmişdir. Xüsusilə son illər ərzində dünyanın müxtəlif bölgələrində – o cümlədən Avropa məkanında enerji infrastrukturlarının hədəfə çevrilməsi, enerji xətlərinə edilən hücumlar və təbii resurslara çıxış uğrunda aparılan geosiyasi mübarizə bu sahənin nə qədər həssas və həyati vacib olduğunu bir daha sübut edir.

Bu kontekstdə Azərbaycanın hazırkı rolu və mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan təkcə öz enerji təhlükəsizliyini təmin edən ölkə deyil, həm də Avropanın enerji təhlükəsizliyinə real töhfə verən strateji tərəfdaş kimi çıxış edir. Bu, illərlə həyata keçirilən düşünülmüş siyasətin, irimiqyaslı infrastruktur layihələrinin və etibarlı beynəlxalq əməkdaşlığın nəticəsidir. Ən önəmlisi isə odur ki, Azərbaycanın enerji strategiyası təkcə mövcud resurslara deyil, gələcəyə yönəlmişdir. Bu gün ölkəmiz yaşıl enerji sahəsində də böyük ambisiyalarla çıxış edir və real nəticələr əldə edir. Hazırda inşa edilən və yaxın illərdə istismara veriləcək günəş və külək stansiyaları vasitəsilə biz artıq yaşıl enerjini də müxtəlif elektrik kabelləri ilə xarici bazarlara ixrac etməyi planlaşdırırıq.

Bu addım həm ekoloji baxımdan mütərəqqi bir yanaşmadır, həm də ölkəmizin beynəlxalq enerji bazarındakı rolunu daha da möhkəmləndirəcək. Bir neçə gün öncə Möhtərəm Prezident cənab İlham Əliyevin rəsmi açılışını etdiyi “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qeyd etdiklərimin bariz göstəricisidir. Bütün bu fəaliyyətlər Azərbaycanın təkcə iqtisadi gücünü deyil, eyni zamanda geosiyasi əhəmiyyətini də artırır. Ölkəmiz bu gün Cənubi Qafqazda sabitliyin və inkişafın mühüm dayağı, beynəlxalq tərəfdaşlar üçün etibarlı enerji körpüsü rolunu oynayır.

Gələcəkdə yaşıl enerji ixracı ilə bu rolu daha da möhkəmləndirəcək, regionda sabitlik, inkişaf və tərəqqi məkanı kimi nüfuzunu gücləndirəcəkdir. Bir daha aydın görünür ki, Azərbaycanın enerji siyasətinin təməlində strateji baxış, dayanıqlı inkişaf və milli maraqlara əsaslanan düşünülmüş yanaşma dayanır. Bu siyasət bu gün olduğu kimi, gələcək onilliklər ərzində də ölkəmizin rifahını, təhlükəsizliyini və beynəlxalq nüfuzunu təmin edəcək əsas dayaqlardan biri olacaqdır.

Şəkəralı İsmayılov;
Neftçala rayonu