Pressa.az » Ölkə » “Araz"dan alınan şirniyyatdan çıxan plastik jurnalistin həyatına təhlükə yaratdı - FOTO

“Araz"dan alınan şirniyyatdan çıxan plastik jurnalistin həyatına təhlükə yaratdı - FOTO

12 yanvar 2026, Bazar ertəsi, 18:06
“Araz"dan alınan şirniyyatdan çıxan plastik jurnalistin həyatına təhlükə yaratdı - FOTO

“Araz Supermarket” şəbəkəsindən alınmış şirniyyat məhsulu ciddi təhlükə yaradıb.

Liderxeber.az xəbər verir ki, hadisə jurnalist Fuad Mədətovun başına gəlib.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 50 ünvanında yerləşən “Araz Supermarket” filialından alınan “Portağallı şəkərparə” adlı şirniyyatın içərisindən kalçuk plastik qapaq çıxıb.

Yad cisim şirniyyatı qəbul edən şəxsin nəfəs borusunda ilişib, bu isə ölüm riski yaradıb.

Şirniyyatın içindən çıxan yad cismin görünüşü və quruluşu onun qida məhsullarında istifadə olunmayan, əksinə maz (krem) preparatlarının qapağı ola biləcəyini göstərir. Məlumata görə, həmin qapaq:
• ağ plastikdən hazırlanıb,
• qısa və qalın silindrik formadadır,
• bir tərəfi bağlı, digər tərəfi açıqdır,
• iç hissəsi tubanın boğazına keçməsi üçün uyğun quruluşa malikdir.

Jurnalist qeyd edir ki, belə qapaqlar ən çox dermatoloji kremlər və mazlarda, antibiotik mazlarda, yanıq və yara üçün olan preparatlarda rast gəlinir.

"Əgər qapağın içində diş (rezba) varsa və ya folqanı deşən çıxıntı mövcuddursa, bu, demək olar ki, dəqiq maz qapağıdır. Əks halda ehtimal marker qapağına qalır".

Jurnalist bildirir ki, ən narahatedici məqam isə odur ki, bu cür plastik qapaq istehsal və qablaşdırma prosesində qida ilə təmasda olmamalıdır. Bu fakt məhsulun hazırlandığı və ya qablaşdırıldığı mühitdə elementar sanitariya və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğunu göstərir.

"Məsələ təkcə bir yad cismin məhsulun içindən çıxması deyil. Bu hadisə istehlakçının həyatını birbaşa təhlükə altına atan ciddi laqeydlik və məsuliyyətsizlik nümunəsidir. Nəfəs borusunda ilişən belə bir plastik əşya saniyələr içində boğulma və ölümə səbəb ola bilərdi.

Sual doğuran məqamlar kifayət qədərdir:
- Qida məhsulunun istehsalı zamanı maz qapağı oraya necə düşüb?
- İstehsalçı müəssisədə gigiyena və nəzarət varmı?
- “Araz Supermarket” satışa çıxardığı məhsullar üzərində hansı yoxlama mexanizmini tətbiq edir?
- Bu gün üzə çıxan hadisə ilkdir, yoxsa sadəcə ilk dəfə ictimailəşir?"