20 Yanvar - Xalqımızın azadlıq və Zəfər yolunun başlanğıcı - ŞƏRH
Dünyanın dörd bir yanında yaşayan Azərbaycan xalqının ümumxalq hüzn günü kimi qeyd etdiyi 20 Yanvar faciəsindən 36 il keçir. Bu tarix, bu faciə nə qədər ağır olsa da, biz 20 Yanvar tarixini böyük şərəf və qürur tariximiz kimi qeyd edir, şəhidlərimizin əziz xatirəsini böyük hörmət, dərin ehtiramla yad edirik.
Tarix göstərir ki, xalqımızın mübarizliyi, vətənsevərliyi, öz torpaqlarının azadlığı uğrunda apardığı mübarizə bütün məhrumiyyət və müdaxilələrə rəğmən heç zaman dayanmamış, əksinə daha da güclənmişdir. 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başladılan və 44 gün davam edən Vətən Müharibəsi bir daha sübut etdi ki, xalqımızın Vətən sevgisi heç zaman azalmayacaqdır. Şəhidlərimizin müqəddəs ruhu qarşısında səbr və mətanət göstərən xalqımız Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyətinə inanaraq, onun arxasında sədaqətlə dayandı. Qürurla deyə bilərik ki, bu gün Vətənin azadlığı yolunda canından keçən şəhidlərimizin ruhu şaddır. Bu yolun, müstəqilliyin ilk şəhidləri isə XX əsrin son onilliyində 20 Yanvar şəhidləri oldu. Zaman göstərdi ki, 20 Yanvar faciəsindən ötən bu illər onun tariximizdə rolunu azaltmadı, əksinə daha da artırdı. Sovet Hakimiyyətinin xain siyasəti xalqımızın mübarizəsini getdikcə milli azadlıq hərəkatına çevirdi.
Bunu qəbul edə bilməyən Qorbaçov başda olmaqla cinayətkar rejim xalqımıza qarşı təcavüz planı hazırlayıb yanvar ayının 19-dan 20-nə keçən gecə öz xalqının hüquq və azadlıqlarını müdafiə edən dinc, silahsız insanlara qarşı cinayət, daha doğrusu terror, qətliam törətməkdən çəkinmədi. Həmin gün müdhiş bir tarix səhnəsi yaşayrdı Azərbaycan xalqı. Bu günü 36 ildən sonra da qeyd edərkən belə bu qəddarlığın adını necə demək lazımdır ki, vəhşiliyin siması daha aydın izlənilsin. Bu xalqımıza qarşı misli görünməmiş bir qətl hadisəsi, ağırlığı ilə terror faktı idi.
Həmin gün yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Bütün dünya həmin gün dünya həm mübarizlik gördü, həm də bu mübarizliyə qarşı olan ədalətsizliyi, vəhşiliyi müşahidə etdi. Uzun müddət lazımı dəyərini almayan 20 Yanvar faciəsi Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə gəldiyi illərdə layiqli qiymətini aldı. Faciənin baş verdiyi gecənin səhəri Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək etirazını bildirən xalqımızın uzaqgörən Lideri, bu qətliamı törədənlərin cinayətkar olduğunu bəyan edərək Bakıda baş verən cinayətin dünyaya yayılması üçün beynəlxalq mətbuat konfransı keçirmişdi. Bu etiraz elə həmin gün çox böyük hadisə kimi keçmiş SSRi ərazisində M.S.Qorbaçov hakimiyyətinin kökünə zərbə vurmuşdu. Hər dəfə 20 Yanvar faciəsinin ağırlığını qeyd edən, lazımı dəyəri alması üçün təbliğat aparan Ulu Öndər Heydər Əliyev 1994-cü ildə ilk dəfə olaraq dövlət səviyyəsində hüquqi qiymət verilməsinə nail olur. 1994-cü il 5 yanvar tarixində “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərman imzalayır. Fərmanda qeyd edildiyi kimi Azərbaycan Respublikası Milli Məclisi Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiya kecirir, məsələyə yenidən baxaraq araşdırmalar aparır. Milli Məclisin 1994-cü ilin mart ayının 29-da verdiyi Qərarda faciənin günahkarları konkret olaraq qeyd edilir.
Və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilir. O zaman rəsmi Moskvanın 20 Yanvar faciəsinin davamı olaraq ölkəmizin müxtəlif rayonlarında, eləcə də doğma Neftçalamızda yanvarın 25-dən 26-na keçən gecə qanlı cinayət hadisəsi davam etmişdir. Həmin gün gecə saatlarında sovet ordusunun hissələri günahsiz insanların qatilinə çevrilmiş, nahaq qanlar tökülmüşdü. Əlbəttə ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir. Öz azadlıq istəyini tələb edən əliyalın xalqa qarşı sovet imperiyasının təpədən dırnağa qədər silahlanmış ordusunun törətdiyi qətliam heç zaman unudulmayacaq, Şəhidlərimizin xatirəsi daim yad ediləcəkdir.
Oqtay Kərimov;
Neftçala rayon ziyalısı
