Artıq bu şəxslər əlavə təhsilhaqqını özləri ödəyəcək
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsilhaqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, “Təhsil haqqında” Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən, yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.
Bu xüsusda sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə “Təhsil haqqında” Qanunda dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklərin təsbit olunması təklif edilir.
