Pressa.az » Ölkə » Azərbaycanın intellektual cəbhəsi və qələbə fəlsəfəsi

Azərbaycanın intellektual cəbhəsi və qələbə fəlsəfəsi

30 yanvar 2026, Cümə, 11:55
Azərbaycanın intellektual cəbhəsi və qələbə fəlsəfəsi

ZÖHRƏ ƏLİYEVA - AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının 2003-cü ildən üzvü olaraq, uzun illərdir ki, Azərbaycanın milli maraqlarını beynəlxalq elmi və ictimai müstəvidə ardıcıl və prinsipial şəkildə müdafiə edir. Onun fəaliyyəti elm, vətəndaş mövqeyi və dövlətçilik ideologiyasının vəhdətinin bariz nümunəsidir.

Güclü dövlət ideologiyasına sədaqət

Zöhrə Əliyeva müasir Azərbaycan ziyalıları arasında qəti dövlətçilik mövqeyi ilə seçilən simalardandır. O, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiqliyini, bu xəttin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyini öz elmi və ictimai fəaliyyəti ilə nümayiş etdirir. Zöhrə Əliyeva üçün partiya mənsubiyyəti formal status deyil, ideoloji məsuliyyətdir.

Prezident İlham Əliyev və tarixi Qələbə

İkinci Qarabağ müharibəsi Azərbaycanın yeni tarixində qürur və şərəf səhifəsi açdı. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə həyata keçirilən “Dəmir yumruq” siyasəti xalqı, ordunu və dövlət iradəsini vahid məqsəd ətrafında birləşdirdi. Zöhrə Əliyeva vurğulayır ki, bu Qələbə yalnız hərbi nailiyyət deyil, beynəlxalq hüququn, tarixi ədalətin və güclü siyasi iradənin təntənəsidir. Azərbaycan bu Qələbə ilə regionda yeni geosiyasi reallıq yaratdı və qalib dövlət statusunu möhkəmləndirdi. İngiltərə və Fransa: həqiqət uğrunda mübarizə Zöhrə Əliyevanın beynəlxalq fəaliyyəti xüsusilə İngiltərə və Fransada özünü qabarıq şəkildə göstərir. Avropanın aparıcı elmi və ekspert platformalarında çıxış edən alim Qarabağ münaqişəsinin mahiyyətini obyektiv faktlarla izah etmiş, Qərb mediasında hökm sürən ikili standartları açıq şəkildə ifşa etmişdir. Müharibənin ilk günlərində Zöhrə Əliyeva Fransa kino ulduzları Alen Delon və Pyer Rişara ünvanladığı açıq məktublarla Qarabağ münaqişəsinin əsl səbəblərini və Avropanın ədalətli mübarizəyə selektiv yanaşmasının yolverilməzliyini diqqətə çatdırmışdır.

Beynəlxalq elmi nüfuzun təsdiqi

Zöhrə Əliyevanın elmi və ictimai fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir. O, 1754-cü ildə təsis edilmiş, öz sıralarında Adam Smit, Stiven Hokinq, Çarlz Dikens, Aniş Kapur, Nelson Mandela, Bil Qeyts, Barak Obama və digər simaları sıralarında birləşdirən Böyük Britaniyanın ən nüfuzlu elmi qurumu hesab edilən Kral Cəmiyyətinə 2025-ci ildə üzv qəbul edilmişdir. Bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında dərc olunaraq, Azərbaycan humanitar elminin beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilmişdir.

“STOP, MAKRON!” — eşidilən söz

7 noyabr 2020-ci il tarixində Misirin dövlət portalı “Cairo 24” saytında Zöhrə Əliyevanın Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı “STOP, MAKRON!” adlı açıq məktubu dərc olunmuşdur. Həmin gün məktub Fransa Prezidentinin administrasiyasına rəsmi şəkildə göndərilmiş və qarşı tərəf tərəfindən alındığı təsdiqlənmişdir. Məktub geniş beynəlxalq rezonans doğurmuş, müəllif Türkiyə, Əlcəzair, İordaniya və digər ölkələrdən çoxsaylı dəstək məktubları və təşəkkür zəngləri almışdır. “Biz başqayıq!” — Fransa mediası ilə prinsipial intellektual dialoq 44 günlük Vətən müharibəsi dövründə Zöhrə Əliyeva Fransanın tanınmış jurnalisti, Figaro və Le Parisien qəzetlərinin sabiq baş redaktoru Jan-Mari Montalı ilə geniş və prinsipial yazışmalar aparmışdır.

Bu yazışmalarda Zöhrə Əliyeva Fransa mediasında Azərbaycanın “aqressor”, azərbaycanlıların isə “anti-xristian fanatiklər” kimi təqdim edilməsini kəskin tənqid etmiş, bu yanaşmanın Fransanın özünün müdafiə etdiyini iddia etdiyi azadlıq, bərabərlik və qardaşlıq prinsipləri ilə ziddiyyət təşkil etdiyini faktlarla əsaslandırmışdır. O, həmçinin Fransa tarixində kolonial keçmişin ağır nəticələrini, Vişi rejiminin Holokost dövründəki rolunu, Afrika ölkələrində törədilmiş cinayətləri xatırladaraq, buna qarşılıq olaraq türk və müsəlman dünyasının humanist mövqeyini, xüsusilə Holokost zamanı Türkiyə diplomatlarının göstərdiyi fədakarlığı vurğulamışdır.

Bu polemikanın ideya kulminasiyası Zöhrə Əliyevanın mövqeyində cəmlənmişdir: “Biz başqayıq!

Biz dini fanatizmə yox, dünyəviliyə;

ikili standartlara yox, ədalətə;

təhqirə yox, ləyaqətə söykənən bir cəmiyyətik.”

Zöhrə Əliyeva yazır:

“Cənab Montalı! Fransa və Azərbaycanı əsrlərlə ölçülən mədəni əlaqələr birləşdirir və biz bunlara böyük dəyər veririk. Lakin fanatizm və Azərbaycan — uyğun olmayan anlayışlardır. Mənim üçün acı bir reallıqdır ki, Fransanın media və hökumətinin ölkəmə münasibəti ədalətsizdir.” Bu yazışmalar Avropa mediasında hökm sürən stereotiplərə qarşı intellektual müqavimətin, Azərbaycan ziyalısının prinsipial və ləyaqətli mövqeyinin parlaq nümunəsi kimi dəyərləndirilir.

Partiyaya və dövlətə xidmət

Yeni Azərbaycan Partiyasının üzvü kimi Zöhrə Əliyeva güclü dövlət, milli birlik və müstəqil siyasət prinsiplərinə sadiq qalaraq, elmi biliklərini və sözün gücünü dövlət maraqlarının müdafiəsinə yönəldir. Bu gün Zöhrə Əliyeva Azərbaycanın beynəlxalq intellektual məkanında layiqli təmsilçisi, qalib ölkənin haqq səsini dünyaya çatdıran ziyalı kimi tanınır.