“Yaşa görə orta aylıq pensiya 632 manata çatır”
“Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişə imkan yaradır və yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan insanlarımızın rifahına daha bir dəstəkdir”.
Liderxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılması və pensiya sahəsində görülümş işlərə dair brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib.
Nazir müavini Sərəncamla bütün pensiyaların 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırıldığını qeyd edib.
O bildirib ki, pensiyaların təyinatı kimi, pensiyalarda bu artımda proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir.
“Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir. 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.
Ümumilikdə isə 2018-ci ildən ötən dövrdə Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan 5 sosial islahat paketi nəticəsində pensiyalarda da ciddi artımlara nail olunub. Minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Bu il üçün pensiyaların maliyyələşdirilməsiüzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir”, - nazir müavini qeyd edib.
R. Mustafayev yeni Sərəncamla sığortaolunanlarınfərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilkisəviyyəsinə uyğun olaraq 5,6 faiz artırıldığını diqqətə çatdırıb. O qeyd edib ki, pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir:
“Pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak edənlər üçün bir stimuldur. Onlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar.
Qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsin, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar və gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar”.
