Azərbaycan–Serbiya əlaqələri strateji əməkdaşlıq istiqamətində inkişaf edir
Möhtərəm Prezident cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin möhkəm siyasi əsaslara, qarşılıqlı hörmətə və liderlərarası etimada söykəndiyini nümayiş etdirən mühüm diplomatik çıxış kimi qiymətləndirilir. Dövlət başçısı çıxışında iki ölkə arasında əlaqələrin təsadüfi olmadığını, uzun illər formalaşmış dostluq və səmimi tərəfdaşlıq münasibətlərinə əsaslandığını vurğuladı.
Əlbəttə ki, hər iki ölkə liderinin bir-birini yaxından tanıması, mütəmadi təmaslar və açıq dialoq münasibətlərin sabitliyini təmin edən başlıca amillərdəndir. Bəyanatda həmçinin, Serbiya xalqının tarix boyu dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizəyə verilən yüksək qiymət diqqəti cəlb edir. Bu fikir Azərbaycanın da dövlət müstəqilliyi və ərazi bütövlüyü məsələlərinə həssas yanaşması fonunda xüsusi siyasi məna daşıyır və iki ölkə arasında ortaq dövlətçilik prinsiplərinin mövcud olduğunu göstərir. Ölkə başçısı Serbiyanın milli maraqları qorumaq istiqamətində göstərdiyi səyləri, bu yolda verilmiş qurbanları və dövlətçiliyə bağlılığı yüksək dəyərləndirərək, bu xüsusiyyətlərin hər bir müstəqil dövlətin gücünü müəyyən edən əsas amillərdən biri olduğunu bildirdi.
Çıxışda Serbiya Prezidenti Aleksandar Vuçiçin fəaliyyətinə verilən qiymət də mühüm yer tutur. Dövlət başçısı Aleksandar Vuçiçin dövlət maraqlarını üstün tutan siyasət yürütməsini, xalqına bağlılığını və ölkəsinin inkişafına yönəlmiş islahatlarını xüsusi qeyd edərək bildirdi ki, məhz bu cür liderlik keyfiyyətləri nəticəsində Serbiya beynəlxalq arenada nüfuz qazanıb və iqtisadi-sosial sahədə mühüm uğurlar əldə edib. Təbii sərvətlərin məhdudluğuna baxmayaraq ölkənin öz gücünə arxalanaraq inkişaf etməsi Avropa məkanında mühüm nümunə kimi təqdim olunur və bu model dövlət idarəçiliyində düzgün strategiyanın rolunu göstərir.
Cənab Prezident Azərbaycanın bu nailiyyətləri yüksək qiymətləndirdiyini, Serbiyanın inkişafına sevindiyini vurğulayaraq, iki ölkə arasında münasibətlərin yalnız siyasi tərəfdaşlıqla məhdudlaşmadığını, həm də səmimi dostluq və qarşılıqlı dəstək üzərində qurulduğunu ifadə etdi. Bu bəyanat ümumilikdə Azərbaycan–Serbiya əlaqələrinin strateji əməkdaşlıq istiqamətində inkişaf etdiyini, liderlər arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu və hər iki ölkənin beynəlxalq münasibətlərdə suverenlik, milli maraqlar və müstəqil inkişaf prinsiplərinə əsaslanan siyasət yürütməkdə ortaq mövqe sərgilədiyini göstərir.
Ataş Əsədov;
Neftçala rayonu
