Rəsmi Pekin tranzit üçün Azərbaycan ərazisini seçərkən bir çox məqamı analiz edib
Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olmuşdur.
Bu gün dünyada maştabına görə ən böyük və güclü iqtisadiyyata malik olan Çin əlaqələrini təkcə yerləşdiyi regionda yerləşən ölkələrlə məhdudlaşdırmaq niyyətində olmadığını açıq bəyan edir. Belə ki, iqtisadi cəhətdən böyük qüdrətə malik bu ölkə tarixi ənənələrə sadiq qalaraq xüsusilə qərb ölkələri ilə əlaqələrini inkişaf etdirmək niyyətini ortaya qoyur. Bu mənada Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı iqtisadi əlaqələrin qurulmasına yönəlmiş “Bir Kəmər-Bir Yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Qeyd edək ki, strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Tarixə nəzər saldıqda Çin və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin böyük tarixə malik olduğunu görərik.
Tarixən bu xalqlar bir-biri ilə ticarət əlaqələri qurmuş, bu münasibət dostluq səviyyəsinə ucalmışdır. Təsadüfi deyil ki, Ölkəmiz Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olmuşdur.
Rəsmi Pekin tranzit üçün Azərbaycan ərazisini seçərkən bir çox məqamı analiz edib. Layihənin əsasən dəmir yolu ilə reallaşacağını nəzərə alaraq Ölkəmizin bu sahədə olan potensialı önə çıxır. Bilirik ki, Azərbaycanın dəmir yolları səmərəliliyinə görə dünyada ilk yerlərdən birini tutur. Bu sahənin inkişafına Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən böyük diqqət yetirilir.
Bu gün Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafı və ümumilikdə milli iqtisadiyyatın gücləndirilməsi istiqamətində böyük bir siyasət yürüdülür.
Ali Baş Komandanın Çinin nüfuzlu “China Global Television Network” televiziya kanalına verdiyi geniş müsahibəsində Azərbaycan-Çin əlaqələrinin bütün spektrləri yanaşı hazırda qeyd etdiyimiz məsələyə də aydın izah verdi. Xüsusilə bu kimi layihələrin reallaşdırılması üçün əsas amilin təhlükəsizlik olduğunu qeyd edərək hazırda Ölkəmizin mövcud imkanlarının buna kifayət etdiyini bildirdi. Azərbaycan “Bir Kəmər-Bir Yol” layihəsindən iqtisadi və maliyyə üstünlükləri əldə edəcək, bu layihəyə Asiya, Avropa və Afrikada investisiya qoyulacaq. Bir Kəmər-Bir Yol” qitələrarası layihəsi böyük bir iqtisadi artımı təmin edəcək, Avropa və Asiyada infrastruktur, yük və logistika şəbəkəsini gücləndirəcəkdir.
İradə Heybətova;
Neftçala rayon sakini, müəllim