XIII Qlobal Bakı Forumunda Azərbaycanın sülh və təhlükəsizlik modeli
Azərbaycan Cənubi Qafqazda sabitliyin təminatçısı olmaqla yanaşı, bir çox beynəlxalq layihələrin fəal iştirakçısına çevrilib
Dünyanın dörd bir yanından ölkəmizə təşrif buyurmuş yüzlərlə ali qonağın qatıldığı XIII Qlobal Bakı Forumu “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuşdu. Forum yeni çağırışlarla yadda qaldı. İştirakçılar müzakirələrdə dünyanı təhdid edən təhlükələrin azaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlmiş bütün məsələlərlə bağlı kifayət qədər sanballı və təsirli fikirlər səsləndirdilər. Bu gün reallıqdır ki, regionun iqtisadi və siyasi lideri olan Azərbaycan öz geopolitik nüfuz dairəsini qlobal miqyasda böyütməkdədir. Respublikamız Cənubi Qafqazda sabitliyin təminatçısı olmaqla yanaşı, bir çox beynəlxalq layihələrin fəal iştirakçısına çevrilib. Paytaxt Bakı nüfuzuna görə qlobal əhəmiyyət kəsb edən bir çox forumların, toplantıların mərkəzinə çevrilib. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Forumun açılış mərasimində iştirak və çıxış edən Möhtərəm Prezident İlham Əliyev qonaqları salamlayaraq, bu gün dünyanı düşündürən bir çox məsələlərlə bağlı əhəmiyyətli fikirlər səsləndirdi.
Dövlət başçısı Qlobal Bakı Forumunu müxtəlif tərəflərin fikirlərini birləşdirən inklüziv və yaxşı platforma adlandırmışdır. Xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, cənab İlham Əliyev ilk növbədə milli maraqlara söykənərək, hər zaman ortaq nöqtələrin, ümumi baxışların və yaxınlaşma yollarının tapılması istiqamətində mühüm səylər göstərir.
Demək olar ki, bütün çıxış və müsahibələrində müharibələrlə və böhranlarla parçalanmış dünyanın sabitlik və sülhə qovuşması üçün beynəlxalq birliyin hər zamankından daha çox işləməsinə, təşəbbüslər göstərməsinə ehtiyacın olduğunu bildirir. Bu baxımdan Bakı Forumu mühüm əhəmiyyətə malik platformadır. Uzun illər işğaldan və müharibədən əziyyət çəkən Azərbaycanın bu gün beynəlxalq arenanın mühum oyunçusu kimi dünyanı sülhə çağırması nadir nümunədir.
Yusif Abdullayev
Neftçala rayonu
