Pressa.az » Ölkə » “Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək”

“Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək”

02 aprel 2026, Cümə axşamı, 14:14
“Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək”

“Xüsusi minnətdarlığı Qarabağın bərpasına qardaş ölkələrin dəstəyinə görə ifadə etmək istərdim. Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir”.

Liderxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçıları ilə görüşündə bildirib.

“Bildiyiniz kimi, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik. Türkiyədə yaşanan o dəhşətli zəlzələdən sonra Azərbaycan öz qardaşlıq dəstəyini göstərmişdir və Azərbaycanın maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon Amerika dolları dəyərində “Azərbaycan məhəlləsi” tikilib. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə biz bu “Azərbaycan məhəlləsi”nin açılışını da qeyd etmişdik.

Yəni bu, həm bir-birimizə göstərilən praktiki yardımlardır, eyni zamanda, bizim niyyətimizi göstərir. Eyni zamanda, bizim xalqlarımıza bir daha yol göstərir ki, biz bir-birimizin yanında olmalıyıq. Bütün dünyaya isə göstərir ki, Türk dünyası, Türk Dövlətləri Təşkilatı hər zaman - yaxşı günlərdə və çətin günlərdə üzv ölkələr səviyyəsində və təşkilat olaraq vahid məqsədlərə çatmaq üçün əlindən gələni əsirgəmir”, - dövlət başçısı vurğulayıb.

Prezident əlavə edib ki, iqtisadi məsələlərlə, sərmayə qoyuluşu məsələləri ilə yanaşı, bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir:

“Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bu gün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib.

O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir. Bax, bunları sizin diqqətinizə çatdırmaq istəyirdim. Bilirəm ki, bu gün sizin işiniz çox olacaq, bir çox məsələlər müzakirə ediləcək. Şübhə etmirəm ki, sizin görüşünüz bizim təşkilatımızın inkişafına növbəti töhfə olacaqdır”.