“7 gündür suyun içindəyik...”
Nərimanov rayonu Keşlə Yük Stansiyası küçəsində sakinlərin üzləşdiyi kanalizasiya problemi həftələrdir davam edir.
Liderxeber.az xəbər verir ki, İTV-yə müraciət edən sakinlər binaların zirzəmilərinə dolan çirkab suların ətrafa kəskin qoxu yaydığını, yaranan nəmişliyin isə evlərdə yaşayışı çətinləşdirdiyini bildiriblər.
“7 gündür suyun içindəyik, zirzəmilər dolub. Hamam-tualet və mətbəxim həyətdədir, hamısı su ilə dolub. Bütün əşyalarım suyun içindədir”, - şikayətçi Sevinc Məmmədova bildirib.
Digər sakinlərdən Tərlan Zalova düşdükləri vəziyyətlə bağlı tədbir görülməsini tələb edib: “Nə vaxta qədər belə olacağıq? Yağış kəsir, camatın vəziyyəti düzəlir, yağış yağanda yenə eyni vəziyyət. Kanalizasiya dolub, kimə deyirik, gəlib baxmırlar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində tutulma baş verib: “Əraziyə Xətai Su Kanalı İdarəsinin briqadası cəlb edilib. Xəttin açılması istiqamətində işlər görülür. Bununla belə sakinlər problemin qısa müddətdə tam həllini gözləyirlər. Kanalizasiya probleminin nə vaxt aradan qaldırılacağı isə hələlik məlum deyil”.

