Pressa.az » Ölkə » İcra məmuru olmaq istəyənlərin nəzərinə!

İcra məmuru olmaq istəyənlərin nəzərinə!

17 aprel 2026, Cümə, 16:19
İcra məmuru olmaq istəyənlərin nəzərinə!

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edir.

Liderxeber.az xəbər verir ki, nazirliyin yerli icra və probasiya qurumlarında mövcud vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu aprelin 17-dən mayın 18-i saat 23:59-dək aparılacaq.

Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər müsabiqədə iştirak etmək üçün linkə keçid etməklə və müvafiq şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqə test imtahanı və söhbət mərhələlərindən ibarətdir.

Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd ərizələrin qəbulu müddəti bitdikdən və imtahana buraxılış vərəqəsinin verilməsi barədə elandan sonra mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə buraxılış vərəqəsini əldə etməlidir.

İmtahanın vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və söhbətdə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri Nazirliyin İnsan resursları idarəsinə təqdim etməlidirlər.

Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən “Yaddaş kitabçası”nı, eləcə də dövlət icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı linkə keçid edərək “Dövlət icra məmurları” bölməsindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10409, 10416, 10705, 10713) nömrəli telefonla əlaqə saxlamaq olar.