Min bir dərdin dərmanı bilirdik, lakin...
Gündəlik həyatın ayrılmaz hissəsi olan çay istehlakı ilə bağlı son elmi araşdırmalar yeni riskləri gündəmə gətirib.
Liderxeber.az-ın xəbərinə görə, mütəxəssislər bildirirlər ki, geniş istifadə olunan çay paketləri dəmləmə zamanı içkiyə böyük miqdarda mikroplastik və nanoplastik hissəciklər buraxa bilər.
İran və Böyük Britaniyadan olan alimlərin 19 müxtəlif tədqiqat üzərində apardıqları təhlillərə əsasən, tək bir çay paketində milyardlarla plastik hissəcik mövcud ola bilər.
Araşdırmalara görə, quru halda olan bir çay paketində təxminən 1,3 milyard hissəcik olduğu halda, isti su ilə təmas zamanı bu rəqəm 14,7 milyarda qədər yüksələ bilir.
.jpg)
Laboratoriya nəticələri göstərir ki, xüsusilə neylon və PET (polietilen tereftalat) materiallarından hazırlanan çay paketləri yüksək temperaturda dəmləndikdə daha çox mikroplastik buraxır. Bəzi sınaqlarda bir fincan çaya 2,3 milyon mikroplastik və milyardlarla nanoplastik hissəciyin keçdiyi qeydə alınıb.
Mikroplastiklər çox kiçik ölçülü plastik hissəciklərdir və bəzən insan saçından belə nazik ola bilirlər. Nanoplastiklər isə daha da kiçik ölçüdə olub, standart mikroskoplarla belə aşkarlanması çətindir.
Alimlər bildirirlər ki, bu hissəciklər hüceyrə divarlarını keçə, qan dövranına daxil ola və müxtəlif orqanlarda toplana bilər. Son tədqiqatlarda mikroplastiklərin insan qanında, ağciyərlərində, qaraciyərində və hətta bəzi şiş toxumalarında aşkar edildiyi qeyd olunur.
.jpg)
Laboratoriya təcrübələri göstərir ki, mikroplastiklər hüceyrələrdə oksidləşdirici stress yarada bilər. Bu proses DNT, zülal və hüceyrə membranlarına zərər verə bilən reaksiyalara səbəb olur. Uzunmüddətli təsirlərin tam müəyyənləşdirilməsinə ehtiyac olsa da, alimlər bu vəziyyətin xərçəng riskləri ilə əlaqəli ola biləcəyini istisna etmirlər.
Bundan əlavə, mikroplastiklərin “süngər” kimi davranaraq, ətraf mühitdəki zərərli kimyəvi maddələri, o cümlədən, ftalatlar, ağır metalları öz üzərinə toplayaraq, insan orqanizminə daşıya biləcəyi bildirilir. Bu maddələrin hormon balansına təsir göstərdiyi və müxtəlif xəstəliklərlə əlaqəli olduğu məlumdur.
Araşdırmalar göstərir ki, mikroplastik çirklənmə yalnız çay paketləri ilə məhdudlaşmır. Plastik butulkalar, qapaqlar və digər qablaşdırma vasitələri də içkilərə mikroplastik keçməsinə səbəb ola bilər. Xüsusilə son illərdə populyarlaşan müxtəlif içkilərdə bu risk daha geniş müzakirə olunur.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, çay paketləri mikroplastik emissiyası baxımından ən yüksək göstəricilərdən birinə malikdir.
.jpg)
Alimlər qeyd edirlər ki, bəzi ölçmə metodları yalnız müəyyən ölçüdən böyük hissəcikləri aşkar edə bilir. Bu isə real miqdarın açıqlanan rəqəmlərdən daha yüksək ola biləcəyini göstərir. Daha kiçik nanoplastik hissəciklərin əhəmiyyətli hissəsinin ölçmələrdən kənarda qaldığı ehtimal olunur.
Digər tərəfdən, “bioloji parçalana bilən” və ya “ekoloji” kimi təqdim edilən bəzi çay paketlərinin də tam təhlükəsiz olmadığı bildirilir. Araşdırmalar bu materialların da müəyyən hallarda mikroskopik plastik hissəciklər buraxa bildiyini göstərir.
Statistik məlumatlara görə, bəzi ölkələrdə əhalinin böyük hissəsi hər gün çay istehlak edir və bu zaman, əsasən, çay paketlərindən istifadə olunur. Bu isə potensial təsirin geniş miqyasda ola biləcəyini göstərir.
.jpg)
Mütəxəssislər mikroplastik təsirini tam aradan qaldırmağın hazırda mümkün olmadığını bildirsələr də, gündəlik vərdişlərdə ediləcək dəyişikliklərlə bu riski azaltmağın mümkün olduğunu qeyd edirlər.
Tövsiyə olunan əsas tədbirlər bunlardır:
- Çay paketləri əvəzinə yarpaq çaydan istifadə etmək,
- Plastik tərkibli paketlərdən uzaq durmaq, kağız əsaslı alternativlərə üstünlük vermək,
- Çayı mikrodalğalı sobada qızdırmamaq,
- Mümkün olduqda süzülmüş və ya təmizlənmiş sudan istifadə etmək.
Bəzi araşdırmalar çay paketlərini istifadə etməzdən əvvəl qısa müddət yumağın ayrılan hissəcikləri azalda biləcəyini göstərsə də, bu metodun xüsusilə plastik paketlərdə məhdud təsirə malik olduğu bildirilir.
Mütəxəssislər vurğulayırlar ki, çay ümumilikdə sağlam içki olaraq qalır. Lakin istehlak zamanı istifadə olunan materiallara diqqət yetirmək və daha təhlükəsiz alternativlərə üstünlük vermək vacib hesab olunur.
