Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun 7-ci km-də yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.
Liderxeber.az qurumun mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyini və yayılma riskinin yüksək olduğunu müəyyən edib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 650 kv.m olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m sahədə və bitişik sahəsi 120 kv.m olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış "İsuzu" markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.
Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.



