Pressa.az » Ölkə » Nazir müavini: "Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur"

Nazir müavini: "Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur"

08 iyun 2026, Bazar ertəsi, 17:08
Nazir müavini: "Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur"

"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur.

Buraya valideyn nəzarəti panellərinin yaradılması, yaşın təsdiqlənməsi mexanizmlərinin tətbiqi və digər texniki həllər daxildir. Buna görə də qanunun daha uğurlu icrası üçün bir qədər uzun adaptasiya dövrünün nəzərdə tutulması faydalı ola bilər".

Liderxeber.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib:

"Digər məsələ məhdudiyyətlərin aşılması imkanları ilə bağlıdır. Dünyanın bir çox ölkələrində, o cümlədən Avstraliyada VPN xidmətlərindən istifadə geniş yayılıb. Eyni zamanda, bəzi gənclər yaşın müəyyənləşdirilməsi və üz tanınması sistemlərindən yayınmaq üçün müxtəlif üsullardan istifadə edərək özlərini daha yaşlı kimi təqdim etməyə çalışırlar. Bu reallıqdır və bunu nəzərə almaq lazımdır. Məhz buna görə də yenidən maarifləndirmə məsələsinə qayıdırıq. Hesab edirik ki, bu sahədə uğurun əsas şərtlərindən biri dövlət qurumlarının, valideynlərin, təhsil müəssisələrinin və sosial media platformalarının birgə fəaliyyətidir. Sosial media platformalarının üzərinə qoyulan öhdəliklərlə yanaşı, maarifləndirmə tədbirləri də bu sahədə nəticə əldə etməyimizə kömək edəcək".

"Qanun layihəsində də nəzərdə tutulur ki, sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Biz hesab edirik ki, bu siyahı daimi monitorinq edilməlidir. Yeni platformalar meydana çıxdıqca onların fəaliyyəti izlənilməli, istifadəçi kütləsi artdıqda və geniş yayılmağa başladıqda həmin platformaların da müvafiq siyahıya daxil edilməsi nəzərdən keçirilməlidir", - nazir müavini vurğulayıb.