Pressa.az » Ölkə » "Toplum TV" işində təqsirləndirilənlərə ağır cəza istənildi

"Toplum TV" işində təqsirləndirilənlərə ağır cəza istənildi

08 iyun 2026, Bazar ertəsi, 14:20
"Toplum TV" işində təqsirləndirilənlərə ağır cəza istənildi

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli özünü idarə müəssisələrində müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətli 16 il, Ramil Babayev 14 il , Əli Zeynalov 15 il , Müşfiq Cabbarov 14 il , İlkin Əmrahov 14 il , Fərid İsmayılov 13 il və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib. O, Elmir Abbasovun zaldan həbs olunmasını istəyib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin olunmasını təklif edib.

Xatırladaq ki, 2024-cü il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.