Pressa.az » Ölkə » Çalxanqala kəndində “Ata Yurda Dönüş” mövzusunda görüş keçirilib

Çalxanqala kəndində “Ata Yurda Dönüş” mövzusunda görüş keçirilib

22 iyun 2026, Bazar ertəsi, 15:37
Çalxanqala kəndində “Ata Yurda Dönüş” mövzusunda görüş keçirilib

2026-cı il iyunun 20-də Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində Kəngərli Rayon İcra Hakimiyyəti və Dərələyəz İcmasının birgə təşkilatçılığıyla “Ata Yurda Dönüş” mövzusunda deportasiyaya məruz qalan həmvətənlərlə görüş keçirildi.

Liderxeber.az xəbər verir ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin təbliği, doğma yurd yerlərinə qayıdış ideyasının təşviqi, tarixi yaddaşın qorunması və Qərbi Azərbaycandan olan soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsidir.

Tədbir iştirakçıları əvvəlcə Çalxanqala kənd şəhidlərinin xatirəsini ehtiramla yad edərək onların qəbirüstü abidələrini ziyarət etdilər. Daha sonra iştirakçılar Çalxanqala kənd məktəbində keçirilən görüşə qatıldılar.

Rəsmi tədbirin açılışının ardınca tədbir iştirakçıları qarşısında çıxışlar edildi. 

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov çıxış edərək dövlətimizin Qərbi Azərbaycana qayıdış siyasəti, tarixi torpaqlarımızla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşdü. 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü ,Keşkənd icmasının sədri, professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın yaşadığı çətinliklərdən, doğma yurd yerlərinə bağlılıq hissindən və qayıdış ideyasının əhəmiyyətindən danışdı.O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq gündəliyin mühüm mövzularından birinə çevrilməsində xüsusi rol oynadığını diqqətə çatdırdı.

Əkinçilik Elmi-Tədqiqat İnistitutunun direktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü,Paşalı Rayon İcmasının sədri, dosent Faiq Xudayev çıxışında Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasının vacibliyini vurğuladı,tarixi yaddaşın qorunmasının və doğma torpaqlara qayıdış uğrunda aparılan mübarizənin hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd etdi.

Keşkənd rayon icmasının sədr müavini, Yazıçılar Birliyinin üzvü, şair Məhəmməd Rəsuloğlu öz çıxışında icmanın fəaliyyəti, görülən işlər və gələcək hədəflər barədə məlumat verdi, bu işlərin qayıdışa aparan yolda təməl quracağını bildirdi.

Tarixçi alim Cəbi Bəhramov Qərbi Azərbaycan irsinin qorunması, tarixi faktların araşdırılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi. Eyni zamanda tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, Ələsgər ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli, şair Ramiz Qusarçay mövzuyla bağı maraqlı fikir və tövsiyyələrini bölüşdülər.

Tədbirdə kənd sakinləri və ağsaqqallar da çıxış edərək doğma yurdla bağlı xatirələrini bölüşdülər, ata-baba torpaqlarına qayıdış arzularını ifadə etdilər.

Rəsmi çıxışlardan sonra tədbirin bədii hissəsi təşkil olundu. Vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, musiqi nömrələri təqdim olundu. Qərbi Azərbaycanın zəngin mədəni irsini əks etdirən ifalar nümayiş etdirildi.

Tədbir iştirakçıları bildirdilər ki, Qərbi Azərbaycana qayıdış yalnız tarixi ədalətin bərpası deyil, eyni zamanda milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın qorunması baxımından böyük əhəmiyyət daşıyır. Görüş çərçivəsində qayıdış ideyasının gələcək nəsillər arasında təbliği və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

“Ata Yurda Dönüş” mövzusunda keçirilən görüşün Qərbi Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına, soydaşlarımızın həmrəyliyinin möhkəmlənməsinə və doğma torpaqlara qayıdış ideyasının təbliğinə mühüm töhfə verəcəyi bildirildi. 

Tədbirin təşkilatçıları bütün iştirakçılara uğurlar arzuladı və hər kəsi Qərbi Azərbaycanın tarixi irsinin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi naminə birgə fəaliyyətə çağırdılar. 

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.