Pressa.az » Ölkə » Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Qərar

Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Qərar

29 iyun 2026, Bazar ertəsi, 17:02
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Qərar

Azərbaycanda məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib. 

Liderxeber.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası tərəfindən qərar verilib. 

Qərara əsasən, dərs və məşğələ müddətində təhsilalanların mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər daşına bilən elektron cihazlardan istifadəsi qadağan edilir.

Yeni qaydalara görə, şagirdlərin məktəbə gətirdiyi mobil və elektron cihazlar dərslər başa çatanadək müəssisə rəhbərliyinin müəyyən etdiyi xüsusi saxlama yerlərində – mobil qutular, şkaflar və digər yerlərdə söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.

Şagirdlər dərs zamanı müəllimin icazəsi və nəzarəti altında elektron dərs materiallarından istifadə, təqdimat və tədqiqat işlərinin hazırlanması kimi tədris məqsədləri üçün mobil və elektron cihazlardan köməkçi vasitə kimi istifadə edə bilərlər.

Qaydalara əsasən, məktəb ərazisində mobil cihazlardan yalnız zəruri hallarda, o cümlədən təbii fəlakət, digər fövqəladə hallar və ya sağlamlıq vəziyyəti ilə bağlı informasiya mübadiləsi məqsədilə istifadə olunmasına icazə verilir.

Qərarda qeyd olunur ki, qaydaların icrasına nəzarət məktəblərin daxili intizam qaydaları ilə tənzimlənəcək. Pozuntu aşkar edildiyi halda məktəb rəhbərliyi bir iş günü ərzində valideynləri məlumatlandırmalı və profilaktik tədbirlər həyata keçirməlidir.