Pressa.az » Ölkə » Türkiyədə qazandığı uğurları Azərbaycana daşımaq istəyən Gülər Coşqunsoy: Yeni hədəf – Xəzər GESK

Türkiyədə qazandığı uğurları Azərbaycana daşımaq istəyən Gülər Coşqunsoy: Yeni hədəf – Xəzər GESK

03 iyul 2026, Cümə, 09:39
Türkiyədə qazandığı uğurları Azərbaycana daşımaq istəyən Gülər Coşqunsoy: Yeni hədəf – Xəzər GESK

İdman və ədəbiyyat sahəsində fəaliyyəti ilə tanınan azərbaycanlı mütəxəssis Gülər İsmayılova (Coşqunsoy) Türkiyədə qazandığı uğurları artıq Azərbaycanda davam etdirməyə hazırlaşır. Uzun illərdir görmə məhdudiyyətli idmançıların inkişafı istiqamətində çalışan o, beynəlxalq təcrübəsini yeni layihələr vasitəsilə doğma ölkəsində tətbiq etməyi qarşısına əsas məqsəd qoyub.

Goalball idman növü üzrə beynəlxalq diplom və sertifikatlara malik yeganə azərbaycanlı mütəxəssis olan Gülər xanım 2018-ci ildən etibarən Türkiyə Görmə Əngəllilər İdman Federasiyasının nəzdində fəaliyyət göstərən Altınokta İstanbul, Boğaziçi GESK, Turkuaz GESK, Yeditepe GESK və Engelsiz Hacettepe GESK klublarında məşqçi kimi çalışaraq çoxsaylı idmançıların yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi altında hazırlanan idmançılar Türkiyə çempionatlarında və müxtəlif turnirlərdə uğurlu nəticələr əldə ediblər.

Gülər xanımın növbəti uğuru isə 2026-cı il Türkiyə Görmə Əngəllilər İdman Federasiyasının Goalball Qadınlar II Liqa yarışlarında qeydə alınıb. İlk dəfə liqa mübarizəsinə qoşulan Ritmus İdman Klubunun qadın komandası Gülər xanımın rəhbərliyi altında güclü rəqibləri geridə qoyaraq qrup ikincisi olmağı bacarıb. Debüt mövsümündə qazanılan bu nəticə goalball ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və gənc komandanın gələcəyi üçün böyük uğurun başlanğıcı kimi dəyərləndirilib.

Türkiyədə qazandığı bilik və peşəkar təcrübəni artıq Azərbaycanda tətbiq etməyə hazırlaşan Gülər xanım ölkədə görmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr üzərində çalışır. Onun əsas məqsədi daha çox görmə məhdudiyyətli insanın idmana cəlb olunmasına, peşəkar idmançı kimi yetişməsinə və Azərbaycanın bu sahədə beynəlxalq arenada daha güclü təmsil olunmasına töhfə verməkdir.

Gülər xanımın ən böyük hədəflərindən biri hazırda yaradılması istiqamətində işləri davam etdirilən Xəzər GESK İdman Klubudur. Türkiyədə bir azərbaycanlı tərəfindən təsis ediləcək ilk görmə məhdudiyyətli şəxslər idman klublarından biri olacaq Xəzər GESK adını Xəzər dənizindən götürəcək, loqosunda isə Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri əks olunacaq. Klubun yalnız idman uğurları ilə deyil, eyni zamanda Azərbaycan və Türkiyə arasında dostluğun, əməkdaşlığın və ortaq idman mədəniyyətinin simvollarından birinə çevrilməsi hədəflənir.

Gülər xanım hesab edir ki, idman bütün maneələri aşan, insanları cəmiyyətə inteqrasiya edən və bərabər imkanlar yaradan ən güclü vasitələrdən biridir. O, Türkiyədə qazandığı uğurları Azərbaycana daşımaqla görmə məhdudiyyətli idmançıların gələcəyinə töhfə verməyi həyat missiyası hesab edir.

Xatırladaq ki, Gülər İsmayılova (Coşqunsoy) ədəbi ictimaiyyətdə Gülər Coşqunsoy imzası ilə tanınan yazıçı və şairdir. O, Türkiyə Milli Kitabxanası və Prezident Kitabxanasının fondlarında yer alan "Böyük Türkün Dastanı" kitabının müəllifidir. Yazıçının Azərbaycanın Milli Qəhrəmanlarına və şəhid general Polad Həşimovun əziz xatirəsinə ithaf etdiyi "Ulu Röya Yolunda" kitabı, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş yeganə poema olan "Milli Xilaskar" əsəri geniş oxucu marağı qazanıb. Gülər Coşqunsoy türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Türkdilli Dövlətlərin Xüsusi Poeziya Ödülünə layiq görülən ilk və yeganə xanım yazıçıdır. O, həmçinin goalball idman növü üzrə beynəlxalq diplom və sertifikatlara malik yeganə azərbaycanlı mütəxəssis kimi bu sahədə ölkəsini beynəlxalq səviyyədə uğurla təmsil edir. Həm idmanda, həm də ədəbiyyatda qazandığı uğurlarla Gülər Coşqunsoy bu gün Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və nüfuzunun yüksəlməsinə töhfə verən ziyalılardan biri hesab olunur.