Abşeronda zibillikdən silah-sursat tapıldı - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Liderxeber.az xəbər verir ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F-1 və 1 ədəd RQD-5 əl qumbarası, 3 ədəd UZRQM-2 partladıcısı, 67 ədəd 5.45 mm-lik mərmi, 1 ədəd 7.62 mm-lik mərmi, 4 ədəd 9 mm-lik mərmi, 2 ədəd AK-74 avtomatı və 1 ədəd Makarov tipli tapança olduğu müəyyən edilib.
Aşkar edilmiş silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
