Pressa.az » Ölkə » Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

27 oktyabr 2023, Cümə, 12:25
Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

2022-ci ildə 8 305 nəfər onkoloji xəstəlikdən vəfat edib.

LiderXəbər xəbər verir ki, bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində Azərbaycan Tibb Universiteti Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 1121 nəfəri süd vəzi xərçənginin bədxassəli törəmələri səbəbindən ölüb.

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva isə bildirib ki, Azərbaycanda ötən il qadınlar arasında 2 mindən çox süd vəzisi xərçəngi aşkar edilib:

“Bunun da daha çoxu erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub. Son 5-10 ilin göstəricilərinə baxdığımızda süd vəzisi xərçənginin gəncləşdiyini müşahidə edirik”.

O qeyd edib ki, süd vəzisi xərçəngi dünyada ən çox yayılmış onkoloji xəstəlik növlərindən biridir:

"Süd vəzisi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır. Bu, bir tərəfdən diaqnostika sahəsində inkişafın, digər tərəfdən isə xəstəliyin daha da artdığının göstəricisidir".

"Diaqnozu təsdiq edilmiş xəstələr arasında gənc xanımların da sayı artmaqdadır. Azərbaycanda da bütün dünyada müşahidə olunan tendensiyaya uyğun olaraq xəstələrin sayı artır. Qadınlarımızın cəmiyyətin bütün sahələrində aktiv iştirak etmələri və yüksək stress faktoru ilə bağlı olaraq onlar arasında bu diaqnozla xəstələnmə halları artır".

O əlavə edib ki, rayonlarda maarifləndirmə proqramları işlənib hazırlanır və tədris mərkəzilərinə göndərilir.

Azərbaycan Tibb Universiteti Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyeva isə deyib ki, onkoloji xəstəliklərlə bağlı ölkəmizdə hələ də gec mərhələdə müraciət sayı çoxdur.

"Xəstəliyin diaqnostikası ilə bağlı ölkəmizdə problemlər var. Genetik müayinələrin aparılmasına ehtiyac var". - deyə o qeyd edib.

Kimya terapiyadakı çatışmazlıqlarla bağlı danışan Həqiqət Vəliyeva deyib ki, ölkəmizdə digər ölkələrlə müqayisədə az sayda xəstəyə port qoyulur.