Hər gün onlarla məcburi köçkün ailəsinin öz doğma torpaqlarına qayıtdıqlarının şahidi oluruq
Vətən Müharibəsində Ölkəmizin Ermənistan üzərindəki şanlı Qələbəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu tarixi Zəfər, həm də Dövlətimizin qarşısında nəhəng vəzifələr qoydu.
Artıq üç ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə iri infrastruktur layihələrin reallaşdrılması ilə yanaşı, keçmiş məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşması da təmin edilir. Məlum olduğu kimi, I Qarabağ müharibəsi nəticəsində bir milyona yaxın soydaşımız işğalın qurbanı olub, onlar məcburi şəkildə evlərindən köçürülərək, köçkün vəziyyətində yaşamağa məhkum olmuşlar. 30 ilə yaxın müddətdə düşmən şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi, tarixi-mədəni abidələrimizi talan edərək, dağıtmışdır.
Artıq üç ildir ki, ərazi bütövlüyümüz bərpa edilib. Bu müddətdə məcburi köçkün ailələri ilə keçirilən çoxsaylı görüşlərdə onlar hamılıqla doğma şəhər və kəndlərinə qayıdışla bağlı böyük istək ifadə etmişlər. Biz demək olar ki, hər gün onlarla məcburi köçkün ailəsinin öz doğma torpaqlarına qayıtdıqlarının şahidi oluruq.
Onların bu arzusunu Ali Baş Komandan cənab İlham Əliyev reallaşdırır. Bu günlərdə ADA Universitetində Müzəffər Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə həmin universitetin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bir çox məsələlərlə yanaşı bu mövzu ətrafında da ətraflı söhbət açıldı. Dünyanın məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə əlverilşi imkan yaratdı. Dövlətimizin başçısının forumdakı çıxışı, ona ünvanlanmış sualları cavablandırması, 30 il ərzində baş verənlərə aydınlıq gətirməsi, həm forum iştirakçları, həm də beynəlxaıq ictimaiyyətin nüyəndələri üçün böyük maraq doğurmuşdur.
Bu gün Ölkəmiz ən müasir, beşinci nəsil adlandırılan müharibəni aparmış, ardınca böyük quruculuq konsepsiyası qəbul etmiş dövlət olaraq hansı qüdrətə, gücə malik olduğunu aydın nümayiş etdirir. İnanırıq ki, ən yaxın illərdə bütün işğaldan azad edilmiş ərazilərimizdə isti ocaqlar qurulacaq, bütün məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına dönəcəklər.
Mürsəl Qafarov
Neftçala rayon ağsaqqalı