Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Niderlandın “Mine Mark” Fondunun dəstəyi ilə Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazidə məktəblilər üçün mina təhlükəsizliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Şuşa rayonu Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Təlim çərçivəsində məktəblilərə mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı məlumatlar verilib, məktəblilərin prosesi daha yaxşı qavramaları üçün interaktiv yarışlar-oyunlar keçirilib.
Üç hissədən ibarət təşkil edilən tədbirin ikinci hissəsində məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onların oyunla bağlı təklifləri dinlənilib.
Təlimin sonunda məktəblilərə dəftərxana ləvazimatları hədiyyə edilib, “Məcburi köçkünlər üçün mina təhlükəsizliyi” maarifləndirici broşürləri paylanıb, mövzu ilə bağlı nəzəri biliklər verilib. Bununla yanaşı, onlar Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mina təmizlənməsi prosesi və görülən işlər barədə də məlumatlandırılıblar.
Qeyd edək ki, Mine Mark Fondu tərəfindən mina təhlükəsizliyi mövzusunda hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş animasiya ölkəmizdə ilk dəfə 2021-ci ildə tətbiq edilib. Layihənin əsas məqsədi mina və partlayıcı sursatlar təhlükəsi barədə bilgilərin daha aşağı yaş kateqoriyalarına çatdırılmasıdır. Fond tərəfindən innovativ tədbir kimi Bakıda və bir sıra regionlarda həyata keçirilən layihənin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq məktəblərdə də icrası nəzərdə tutulub.