Pressa.az » Ölkə » Göygöldə “Göygöl nağılları” adlı bayram tədbiri keçirilib

Göygöldə “Göygöl nağılları” adlı bayram tədbiri keçirilib

02 yanvar 2024, Çərşənbə axşamı, 20:35
Göygöldə “Göygöl nağılları” adlı bayram tədbiri keçirilib

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunan “Göygöl nağılları” adlı ümumrayon bayram tədbiri keçirilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev,  Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyəti və rayonumuzun qonaqları iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlər göstərib. İcra başçısı bu günün dövlət bayramı kimi qeyd edilməsinin xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq xoş ənənəyə çevrildiyini diqqətə çatdıraraq, yeni ilin sağlamlıq, xoşbəxtlik və müvəffəqiyyətlərlə dolu keçməsini arzulayıb.

Tədbirdə il ərzində respublika və beynəlxalq idman yarışlarında uğur qazanan idmançıların nümunəvi çıxışları və sənətkarların əl işlərindən ibarət sərgiləri təqdim olunub.

Tədbir ölkə və yerli mədəniyyət işçilərinin, eləcə də məktəb və uşaq bağçalarının hazırladığı konsert proqramı ilə davam edib. Şaxta baba və Qar qızın gəlişi tədbirə əlavə rəng qatıb. Bayram tədbiri iştirakçılarda xoş ovqat yaradıb.