“Qarabağ üzümü” adlı yeni kitab nəşr olunub
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda “Qarabağ üzümü” adlı yeni kitab nəşr olunub
Qarabağ İqtisadi Rayonunda üzümçülük qədim tarixə malikdir. Bu bölgə çox sayda müxtəlif texniki, süfrə və universal istiqamətli milli, aborigen üzüm sortlarının məskənidir. Həmin sortlar uzun sürən xalq seleksiyası nəticəsində meydana gəlib ki, bu da əkinçilik mədəniyyətinin bariz nümunəsidir.
Burada üzümçülük və şərabçılığın müasir inkişaf mərhələsi keçmiş SSRİ dövründə başlayıb. Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən qısa müddət sonra isə bu sahədə əsaslı dönüş yaranıb.
Lakin Ermənistanın ölkəmizə təcavüzü nəticəsində işğala məruz qalmış bölgədə 43 min hektar məhsuldar üzüm bağları məhv edilib, üzüm emalı zavodları işğalçılar tərəfindən dağıdılıb.
Ərazilərimizin işğaldan azad edilməsi bu bölgədə üzümçülük və şərabçılığın yenidən inkişafına və müasir tələblər səviyyəsində qurulmasına zəmin yaradıb. Qarabağın əlverişli coğrafi mövqedə yerləşməsi, fərqli iqlim xüsusiyyətləri ilə əhəmiyyətli bir üzüm istehsalı mərkəzi olma potensialına sahibdir.
Hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında Qarabağa məxsus 20-dən artıq üzüm sortu qorunub saxlanır.
Kitab Qarabağ İqtisadi Rayonunda üzümçülük və şərabçılığın elmi əsaslarla bərpasını təmin etmək məqsədilə müasir tələblərə uyğun olaraq hazırlanıb. Kitabda Qarabağ bölgəsində üzümçülük, mövcud vəziyyət, becərilmiş sortlar və üzümçülüyün bərpası prinsipləri geniş şəkildə öz əksini tapıb.
Kitab Qarabağ İqtisadi Rayonunda üzümçülük və şərabçılığın bərpası ilə məşğul olan istehsalçılar, elmi işçilər, aqrotexniklər, magistrlər, doktorantlar və turizm bələdçilərinin istifadə edə biləcəyi qiymətli mənbədir.
Kitabın hədəf oxucusu Qarabağda üzümçülük və şərabçılığa fərqli məqsədlərlə maraq duyan və bölgənin üzümçülük mədəniyyətini öyrənmək istəyən hər kəsdir.