Pressa.az » Ölkə » Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir

Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir

02 may 2024, Cümə axşamı, 11:00
Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir

Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu” işinə başlayıb.

Liderxəbər xəbər verir ki, 2-3 may tarixlərində davam edəcək tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm sənayesi nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov forumun İƏT regionu üzrə turizm sənayesinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini, üzv dövlətlər arasında turizm üzrə bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı tanıtım və təbliğat tədbirləri üçün mühüm platforma olduğunu qeyd edib. O həmçinin Dövlət Turizm Agentliyi və İƏT arasında əlaqələrin inkişafını diqqətə çatdıraraq, 2023-cü ilin dekabr ayında Bakının “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”nə uğurla ev sahibliyi etdiyini vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri çıxışında forumun təşkilata üzv dövlətlərin tur operatorlarının şəbəkəsinin gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edərək bu təşəbbüsün reallaşmasına verdiyi dəstəyə görə Dövlət Turizm Agentliyinə təşəkkürünü bildirib. O, tur operatorlar arasında əlaqələrin inkişaf etdirilməsinin yeni turizm məhsulları və marşrutlarının yaranmasına töhfə verəcəyini, yalnız təşkilatdaxili deyil, həm də qlobal olaraq regionunun zəngin mədəni, təbii və tarixi sərvətlərinin tanıdılması üçün önəmli imkanlar ehtiva etdiyini bildirib. Baş Katib təşkilatın 2025-ci üzrə strategiyası çərçivəsində dövlət-özəl tərəfdaşlığının təşviqinə dəstək mexanizmi kimi İƏT-in Turizm Agentlikləri Federasiyasının yaradılmasını təklif edib.

Tədbir çərçivəsində "İƏT regionunda turizm: imkanlar və problemlər” açılış sessiyasından sonra "İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi”, “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Türkiyədən Azərbaycana mütəmadi tanışlıq səfərlərinin təşkili”, “Yaxın Şərq və Qərbi Asiya boyunca İpək Yolları: təşkilati baxımından tarixi İpək Yolu nəqliyyat marşrutunun yenidən qurulması” mövzularında panel müzakirələr keçiriləcək.

“İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi” üzrə panel sessiyasında üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə müxtəlif turların təşkil edilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdə İstanbul, Buxara, Səmərqənd, Xivə kimi İpək Yolu üzərində yerləşən qədim şəhərləri birləşdirən çoxtərəfli turların, eləcə də tarixi məscidlər, bazarlar və ənənəvi sənətkarlıq nümunələrinin sərgiləndiyi muzeylər daxil olmaqla üzv ölkələrin zəngin mədəni irsini tanıtmaq məqsədi daşıyan, əsasən qonşu olan iki üzv ölkə arasında ikitərəfli turların təşkil edilməsi haqqında təkliflər səsləndirilib.

Eləcə də İƏT-in turizm paytaxtı seçilmiş şəhərlərini - Düşənbə (2021), Sari (2022), Ərdəbil (2023), Şəxrisəbz (2024), Ərzurum (2025) və Şuşanı (2026) birləşdirən turların, üzv ölkələrin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına düşən maddi mədəni irs nümunələrini əhatə edən turların, həmçinin haykinq, trekinq, kempinq üçün əlverişli təbiət turizminin imkanlarının təbliğ edildiyi və əyləncə turizmi üzrə turların təşkil edilməsi haqqında müzakirələr aparılıb.

Tədbirin ikinci günündə yerli və xarici turoperatorların iştirakı ilə B2B (biznesdən-biznesə) formatlı qarşılıqlı əməkdaşlıq görüşləri təşkil ediləcək, tədbirin yekunlarına dair müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçiriləcək.