Neftçalada Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ağsaqqalları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Neftçala şəhərində ağacəkmə aksiyası keçirilib və 200-dən çox sərv ağacları əkilib.
Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən foto guşəyə və rəsm sərgisinə baxış keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, hər zaman qəlbi vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və Azərbaycanımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından, qardaş mühabribəsindən yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin həyatından, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və Neftçala rayonunun inkişafına verdiyi töhfələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın hər il daha böyük əhəmiyyətə malik uğurlar qazandığını vurğulayan RİH-in başçısı bildirib ki, hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri də onun ərazi bütövlüyüdür. Bu baxımdan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən Müharibəsində qazanılan şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Çıxış edən tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, gənc müəllim Nazilə Əhmədli, Ulu Öndər Heydər Əliyevlə görüşən Almirzə Səmədov, “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yanında fəaliyyət göstərən “Uşaq Səfirlər Məclisi”nin Neftçala rayonu üzrə nümayəndəsi Fidan İbrahimbəyli Ulu Öndərin siyasi hakimiyyətə gəlişindən sonra ölkəmizdə aparılan islahatlardan, Ulu Öndərin təhsil, səhiyyə, zəhmətkeşlərə göstərdiyi diqqətdən, qayğıdan danışıblar və Ümummilli Liderlə olan xatirələrini bölüşüblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən video- çarx nümayiş olunub. Tədbir Şirvan- Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqi proqramı ilə davam edib.