Ağır qəzada yaralananların son durumu açıqlandı
“TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə baş verən hadisə ilə əlaqədar 5 nəfər yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) məlumat verilib.
“Hadisə nəticəsində xəsarət alan bir nəfər ailəsinin istəyilə özəl tibb müəssisəsinə, iki nəfər isə vəziyyətlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunublar.
Hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir.
Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunan xəstələrdən biri ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə öz ərizəsi ilə tibb müəssisəsini tərk edib”, - rəsmi məlumatda bildirilib
Qeyd edək ki, fevralın 24-də saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.