Rüfət Hacıyev vəzifəli şəxsə rüşvət almağa vasitəçilik edib - Ona da cinayət işi açıldı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətə görə həbs edilən sabiq müdiri Rüfət Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Liderxeber.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlum olub ki, istintaqın gedişində Hacıyev İntiqam Qəşəm oğlu da cinayət məsuliyyətinə cəlb edilib.
Əldə etdiyimiz məlumata görə, İntiqam Hacıyev Hesablama Palatasının əməkdaşıdır. O, Palatanın Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrinin auditi sektorunun müdiri işləyib. İttihama görə, Rüfət Hacıyev onun küllü miqdarda rüşvət almasına vasitəçilik edib.
İş üzrə Elm və Təhsil Nazirliyi və Hesablama Palatası zərərçəkmiş qismində tanınıb.
Cinayət işi hakim Nürəddin Hüseynlinin sədrliyi ilə araşdırılacaq.