QMİ sədri ABŞ rəsmilərini qəbul edib
Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Beynəlxalq dini azadlıqlar İdarəsinin rəsmiləri - Xüsusi təyinatlar üzrə səfir müavini Karson Roker və Avropa və Mərkəzi Asiya üzrə müşavir Coanna Vulfsberqi qəbul edib.
QMİ-dən verilən xəbərə görə, görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili iştirak ediblər.
Qonaqları səmimi salamlayan QMİ sədri A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlət siyasəti olaraq həyata keçirilən multikulturalizm barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə dinlər və məzhəblərarası həmrəylik və qarşılıqlı ehtiram mühiti hökm sürür. Dünyaya model olaraq təqdim olunan olunan bu dini-mənəvi harmoniya modelimiz beynəlxalq müstəvidə təqdir olunur. Beynəlxalq forum və platformalarda Azərbaycanın dinlərarası əməkdaşlıq modelindən bəhrələnirlər. Hazırda Bakıda keçirilən X Bakı Qlobal Forumunun önəmi barədə danışan QMİ sədri Azərbaycan Prezidentinin təşəbbüs və səyləri, müəllifi olduğu Bakı Prosesinin ideyaları əsasında ölkəmizin dinlərarası, mədəniyyətlərarası dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq tədbirlərə mütəmadi evsahibliyi etdiyini, dünya miqyasında bu proseslərə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Dünyanın müxtəlif nöqtələrində dini dözümsüzlük, nifrət çağırışları, dindən siyasi məqsədlərlə sui-istifadə hallarının, ksenofobiyanın müxtəlif təzahürlərinin artma tendensiyasının müşahidə olunması təhlükəli haldır və qarşısının siyasi, ictimai və din xadimlərinin, habelə bütün sülhsevər və xoşməramlı insanların birgə səyləri ilə alınması zəruridir. Avropada söz azadlığından istifadə edərək islamofobiya təzahürlərinə haqq qazandırılmasının qeyri-məqbul olmasını nəzərə çatdıran Şeyxülislam A. Paşazadə dini atribut və müqəddəsliklərin təhqiri, məscid, kilsə və sinaqoqlarda terror və yandırılma hallarının qəbuledilməz olduğunu xüsusi vurğulayıb.
Şeyxülislam A. Paşazadə Azərbaycandakı dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının fəaliyyəti barədə danışıb və bu Şuranın əsas fəaliyyət prioritetlərini diqqətə çatdırıb.
Amerikalı qonaqlar Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin yenicə qayıtdıqları ABŞ-ın Yuta ştatına səfər barədə müsbət rəyləri xüsusi vurğulayıblar.
Bildirdilər ki, bu səfər Azərbaycanın dini icmalarının ABŞ-dakı dini icmalarla qarşılıqlı dialoq və əməkdaşlığı müstəvisində olduqca maraqlı və səmərəli olub.
Şeyxülislam A. Paşazadə və dini konfessiya rəhbərləri qonaqları maraqlandıran sualları cavablandırıblar. Qonaqları, əsasən, ölkəmizdəki dini icmaların qarşılıqlı əməkdaşlıq sahələri, xeyriyyəçilik fəaliyyəti, qadın və uşaq hüquqları və s. barədə suallar maraqlandırıb. Dini konfessiya rəhbərləri öz icmalarının timsalında bütün suallara ətraflı cavablar veriblər.
Görüşün sonunda birgə foto çəkilib, qonaqlara xatirə hədiyyələri və Azərbaycandakı dini icmaların, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən kitab və fotoalbomlar təqdim olunub.