Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb
“Xalq Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin 2023-cü ildə məcmu gəlirləri 1 milyard 80,741 milyon manat təşkil edib.
Liderxeber.az xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 32,2 % çoxdur.
Ötən il sığortaçıların məcmu xərcləri isə əvvəlki ilə nisbətən 31,8 % artaraq 910,725 milyon manat olub. Şirkətlərdən 12-nin gəlirləri, 13-nün isə xərcləri artıb.
2023-cü ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 170,016 milyon manat olub ki, bu da 2022-ci illə müqayisədə 34,3 % çoxdur. 7 şirkətdə maliyyə mənfəəti artıb, 5 şirkətdə azalıb, 1 şirkətdə maliyyə zərəri artıb, əvvəlki il maliyyə zərəri ilə üzləşmiş 3 şirkət isə ötən il maliyyə mənfəəti əldə edib.
2023-cü ildə sığorta şirkətləri 34,169 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2022-ci ilə nisbətən 16,5 % çoxdur. 17 şirkətdən 4-ü vergi ödənişlərini artırıb, 8-i vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 4 şirkətdən 1-i ötən il də vergi ödəməyib, 2-si isə vergi ödəyib.
2023-cü ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 135,847 milyon manat olub. Bu da 2022-ci illə müqayisədə 39,7 % çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 7 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 5 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 1 şirkətin həm də xalis zərəri artıb. Əvvəlki ili zərərlə başa vurmuş 3 şirkət isə ötən ildən mənfəətlə çıxıb.
“Xalq Sığorta” maliyyə hesabatını açıqlamayıb.