Pressa.az » Ölkə » SOCAR regionun enerji xəritəsinin formalaşmasında əsas rol oynamaq niyyətindədir

SOCAR regionun enerji xəritəsinin formalaşmasında əsas rol oynamaq niyyətindədir

05 iyul 2024, Cümə, 12:24
SOCAR regionun enerji xəritəsinin formalaşmasında əsas rol oynamaq niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edərək iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına kömək edəcək tədbirlər və müzakirələr təşkil etməyi planlaşdırır.

Liderxeber.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Euronews”a açıqlamasında deyib.

Ə.İsayev digər milli və beynəlxalq neft şirkətləri ilə birgə səylərin vacibliyini vurğulayıb: “Strateji tərəfdaşlıqlar və perspektivli layihələr vasitəsilə SOCAR gələcək nəsillər üçün dayanıqlı gələcəyi təmin etməyi hədəfləyir”.

“SOCAR strateji mövqe tutur ki, regionun gələcək enerji xəritəsinin formalaşmasında əsas rol oynasın”, - o vurğulayıb.

Vitse-prezident, həmçinin “Euronews”a şirkətin karbohidrogen və aşağı karbonlu biznes portfelini tarazlaşdırmaq məqsədi ilə ənənəvi neft-qaz müəssisəsindən 2035-ci ilə qədər enerji sahəsində şaxələndirilmiş lider şirkətə çevirmək planları və addımları barədə danışıb.

Ə.İsayev SOCAR karbonsuzlaşdırmaya sadiqliyini vurğulayaraq, emissiya səviyyəsini qlobal sənaye liderlərinin səviyyəsinə uyğunlaşdırmaq niyyətində olduğunu deyib.

O bildirib ki, dövlət şirkəti strateji qlobal oyunçularla əməkdaşlıq edir, o cümlədən 2 günəş və 1 külək elektrik stansiyası da daxil olmaqla 1 GVT gücündə bərpa olunan enerji mənbələrinin, həmçinin ekoloji cəhətdən təmiz hidrogen istehsalına yönəlmiş 2 GVT gücündə dəniz külək enerjisi layihəsinin hazırlanmasına başlayıb.