Pressa.az » Ölkə » ADY rəhbərliyi BAM-ın 50 illik yubiley tədbirlərində iştirak edib

ADY rəhbərliyi BAM-ın 50 illik yubiley tədbirlərində iştirak edib

08 iyul 2024, Bazar ertəsi, 18:28
ADY rəhbərliyi BAM-ın 50 illik yubiley tədbirlərində iştirak edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi 8 iyul tarixində Rusiya Federasiyasının Tında şəhərində Baykal-Amur Magistralı (BAM) layihəsinin 50 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak edib.

Tədbirdə Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov, “BAM Birliyi” ictimai təşkilatının prezidenti Yefim Basin və digər MDB ölkələrinin dəmir yolları administrasiyalarının rəhbərləri də iştirak ediblər.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov BAM veteranlarını layihənin həyata vəsiqə qazanmasının 50 illiyi münasibətilə təbrik edib və Ulu Öndər Heydər Əliyevin BAM-ın inşasına verdiyi əvəzsiz töhfələri vurğulayıb. O bildirib ki, Heydər Əliyev layihənin ən çətin mərhələlərinin inşasına rəhbərlik edib və layihənin gedişatında dönüş nöqtəsi yaradıb: “Nəqliyyat kuratoru olaraq onun rəhbərliyi ilə BAM-ın inşası qısa müddətdə sürətləndirildi, resurslar səmərəli şəkildə təchiz olundu və infrastrukturun inkişafına xüsusi diqqət yetirildi. BAM-ın inşasında Heydər Əliyevin rolu əvəzsizdir və hazırda Anqoya stansiyasının Ulu Öndərin adını daşıması onun misilsiz xidmətlərinə göstərilən diqqətin təzahürüdür”.

Rövşən Rüstəmov azərbaycanlı mütəxəssislərin Ulkan və Anqoya stansiyalarının tikintisində önəmli rolunu qeyd edib: “Azərbaycanlı mühəndis və işçilər yüksək peşəkarlıq və fədakarlıq göstərərək bu stansiyaların inşasında mühüm rol oynayıblar. Onların əməyi sayəsində bu strateji obyektlərin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılıb”.

Tədbir çərçivəsində çıxış edən digər qonaqlar da Ümummilli Lider Heydər Əliyevin layihənin inşasında xüsusi xidmətlərini vurğulayıb, Ulu Öndərin xatirəsini minnətdarlıqla anıblar.

Daha sonra tədbir iştirakçıları BAM muzeyini, “BAM-ın inşaatçıları” abidəsini, Tında şəhərində yerli mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İxtisasartırma Tədris Mərkəzini ziyarət edib və yeni texnologiyalarla tanış olublar.

Qeyd edək ki, BAM keçmiş SSRİ-nin ən böyük infrastruktur layihələrindən biri olmaqla Baykal gölü ilə Amur çayı arasında dəmir yolu nəqliyyatını təmin edən mühüm strateji layihədir. Bu magistral şimal bölgəsinin inkişafını sürətləndirmək, iqtisadi əlaqələri gücləndirmək və yeni sənaye mərkəzlərinin yaradılmasını təmin etmək məqsədilə inşa edilib. BAM-ın ümumi uzunluğu təxminən 4324 kilometrdir və bu magistral Baykal gölündən başlayaraq Amur çayının sahillərinə qədər uzanır. Layihə çərçivəsində 200 stansiya və çoxsaylı körpülər, tunellər tikilib. Layihənin inşasında keçmiş sovet respublikalarından on minlərlə işçi, o cümlədən yüzlərlə azərbaycanlı mütəxəssis iştirak edib.